...

Azərbaycanın strateji valyuta ehtiyatları ölkənin 2 illik dövlət büdcəsinə bərabərdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2011 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan Respublikası Dövlət Neft Fondundan 2011-ci il üçün dövlət büdcəsinin parametrlərinə düzəlişlər çərçivəsində transfertlərin 41,7 faiz (2723,2 milyon manat) - 9,2 milyard manatadək artırılması obyektivdir. Bu barədə cümə günü Hesablama Palatasının sədri Heydər Əsədov "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə dəyişikliklər haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Hesablama Palatasının apardığı təhlil o faktı təsdiq etdi ki, Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin xarici banklarda depozitlərdə yerləşdirilməsindən, eləcə də istiqraz şəklində əldə etdiyi dividendlər çox aşağı səviyyədədir və layihələrin dəyərinin bahalaşması tempindən dəfələrlə azdır. Bununla əlaqədar biz Neft Fondunun vəsaitləri hesabına təxirəsalınmaz layihələrin - yol tikintisi, məktəb tikintisi və digər tədbirlər üzrə maliyyələşdirilməsini səmərəli hesab edirik", - Əsədov bildirib.

Onun sözlərinə görə, investisiya layihələri dərhal nəticə vermir, onlar həyat keçirilməsi 18 il əvvəl başlayan və bəhrəsini indi gördüyümüz neft strategiyası kimi gələcək nəsillərə hesablanıb.

"Hökumətin başlıca vəzifəsi ölkənin ehtiyatlarının optimal səviyyədə saxlanılmasıdır. Ötən il 2011-ci ilin dövlət büdcəsi qəbul edilən zaman Dövlət Neft Fondunun aktivlərinin təxminən 29-30 milyard dollar səviyyəsində saxlanılması barədə qərar qəbul edilib", - Əsədov əalvə edib.

Onun fikrincə, Neft Fondunun dövlət büdcəsinə transfertlərinin artırılması nəticəsində də ilin sonuna bu həddin saxlanılması təmin ediləcək.

"Bu çox yüksək göstəricidir [Dövlət Neft Fondunun aktivləri] və Azərbaycan Mərkəzi Bankının ehtiyatları nəzərə alınmaqla, onlar ölkənin 2 illik dövlət büdcəsinə bərabərdir. Buna görə biz Dövlət Neft Fondunun vəsaitlərindən infrastuktur layihələrin və digər təxirəsalınmaz tədbirlərin, o cümlədən sosial tədbirlərin maliyyələşdirilməsi üçün istifadəni məqsədəuyğun hesab edirik", - Əsədov vurğulayıb.

Mayın 27-nə olan rəsmi məzənnə 0,7896 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti