Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir N.İsmayılova/
İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Xəzər rayonunun prioritet sahələrinin maliyyələşdirilməsi üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.
Senytabrın 15-də Pirallahı qəsəbəsində keçirilən "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.
Nəticədə aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- müasir zeytunçuluq təsərrüfatlarının yaradılması;
- müasir zeytun emalı müəssisəsinin yaradılması;
- intensiv üzümçülük təsərrüfatının yaradılması;
- müasir istixana komplekslərinin yaradılması;
- müasir çörək istehsalı müəssisəsinin yaradılması;
- müasir tələblərə cavab verən ətlik və ya yumurtalıq istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması;
- quşçuluq məhsullarının xammalına əsaslanan müasir dərin emal müəssisəsinin yaradılması;
- kiçik həcmli müasir ət kəsimi müəssisəsinin yaradılması;
- özəl aqroservis müəssisəsinin (müəssisənin nəzdində sahibkarlara məsləhət xidmətinin göstərilməsi ilə) yaradılması;
- kiçik və ya orta həcmli toxuculuq və tikiş müəssisələrinin yaradılması.
Bu gündən etibarən sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan almaq olar. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172; telefon: (012) 434-74-29, faks: (012) 432-37-17