...

Azərbaycanda fiskal siyasət iqtisadi artıma dəstək mexanizmi kimi çıxış etməkdə davam edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2011 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr / Trend, müxbir A.Axundov/

Azərbaycanın 2012-ci il dövlət büdcəsinin gəlir hissəsinin dinamikasının ölkənin iqtisadi artım sürətini üstələməsi fiskal siyasətin iqtisadi artıma dəstək mexanizmi kimi çıxış etməsinin davam edəcəyini göstərir.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Hesablama Palatasının sədri Heydər Əsədov Parlamentin İqtisadi siyasət, Sosial siyasət, Təhlükəsizlik və müdafiə, Təbii resurslar, Energetika və ekologiya, Aqrar siyasət komitələrinin 2012-ci il və sonrakı üç il üzrə dövlət və icmal büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

"Dünyanın bir çox ölkələrində, o cümlədən inkişaf etmiş dövlətlərdə fiskal siyasət iqtisadi artımın sürətinin azalmasının qarşısının alınmasına və ya onun eyni səviyyədə saxlanmasına yönəldilib. Azərbaycanda gələcəkdə də fiskal siyasətin ölkədə iqtisadi artımın dəstəklənməsi mexanizminə xidmət edəcəyi tendensiyası davam etdiriləcək", - Əsədov deyib.

Onun sözlərinə görə, 2012-ci il və sonrakı üç il üzrə dövlət büdcəsinin xarakterik cəhəti xərclər və gəlirlər arasında balansın olmasıdır ki, bu da büdcə kəsirinin saxlanması və azalmasına təsir edir.

"Büdcənin effektivliyinin ən mühüm meyarlarından biri onun dünya iqtisadiyyatındakı proseslərdən asılılıq dərəcəsidir. Neftin qiymətlərinin dünya bazarlarında dəyişdiyi halda Azərbaycanın dövlət büdcəsində neftin bir bareli üçün 80 dollar dəyərində sabit qiymətin müəyyən edilməsi ölkə üçün bu meyarın qənaətbəxş səviyyədə olmasından xəbər verir", - Əsədov deyib.

Onun sözlərinə görə, 2012-ci ilin büdcəsi daha şəffaf olacaq.

"Gələn il dövlət büdcəsinin resursları əsasən ictimai tələbatların ödənilməsinə yönəldiləcək", - Hesablama Palatasının sədri deyib.

Birgə iclasda maliyyə naziri Samir Şərifov 2012-ci ilin dövlət büdcəsinin proqnozlarını təqdim edib.

"Büdcə proqnozları hazırlanarkən əsas diqqət büdcənin sosial və investisiya yönümlülüyünə, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkənin müdafiə potensialının, iqtisadi gücünün artırılmasına, enerji və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına dəstəyə, məqsədli dövlət proqramlarının dövlətin inkişaf strategiyasına və prioritet istiqamətlərinə uyğun maliyyələşdirilməsinə ayrılıb", - nazir deyib.

Onun sözlərinə görə, gələn il üçün dövlət büdcəsinin gəlirləri 16 436,4, xərcləri 16 984,4 milyon manat həcmində proqnozlaşdırılır. 2011-ci ilin proqnozları ilə müqayisədə büdcə gəlirlərinin artımı 5,67 faiz, xərcləri 6,5 faiz səviyyəsində gözlənilir.

Dövlət büdcəsini kəsiri 548 milyon manat səviyyəsində proqnozlaşdırılır ki, bu da gələn il üzrə proqnozlaşdrılan ÜDM-in 1,3 faizini təşkil edir.

2012-ci il dövlət büdcəsi layihəsində sosial yönümlü xərclərin xüsusi çəkisi 27,8 faiz təşkil edir və bu xərclər 4 713,4 milyon manat səviyyəsində (2011 -cu ilə nisbətən 9,7 faiz, 2010-ci ilə nisbətən 27,3 faiz artımla) proqnozlaşdırılır.

Dövlət büdcəsində kapital qoyuluşları 7827,9 milyon manat (büdcə xərclərinin 46,1 faizlik xüsusi çəkisi ilə) nəzərdə tutulub ki, bu da 2011-ci ilə nisbətən 0,6 faiz azdır, 2010-cu ilə nisbətən isə onlar 55,7 faiz artacaq.

Noyabrın 16-na rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti