Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Nəqliyyat Nazirliyi yanında "Azəryolservis" SC Heydər Əliyev prospektində, "Şəfa" stadionunun qarşısında yerüstü piyada keçidinin tikintisini gələn il başa çatdırmağı planlaşdırır. Bu barədə cümə axşamı Trend-ə SC-dən məlumat verilib.
Məlumata görə, yeni yerüstü keçid çərçivəsində işlərə yenicə başlanıb və hazırda kommunikasiyanın köçürülməsi həyata keçirilir.
"Keçidin istismara verilməsinin dəqiq tarixi barədə danışmaq çətindir. Bu, hava şəraitindən asılı olacaq. Lakin gələn il ərzində işlər tamamilə başa çatdırılacaq", - "Azəryolservis"dən deyiblər.
Yeni keçidin uzunluğu 138 metr, eni 6 metr və hündürlüyü 5,5 metrdir. Keçidin iki çıxışı "Şəfa" stadionunun yaxınlığında, digər ikisi isə prospektin qarşı tərəfində yerləşəcək.