Azərbaycan, Bakı, 23 noyabr /Trend müxbir A.Axundov/
Azərbaycan hökuməti qarşısında ölkə iqtisadiyyatının yaxın 10 il ərzində ikiqat artımı üzrə tapşırıq çox iddialıdır, lakin bununla yanaşı, real görünür. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisdə 2012-ci il və növbəti üç il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
"Bu gün adambaşına düşən ümumi daxili məhsul yerli qiymətlərdə 6000 dollar təşkil edir. Manatın alıcılıq qabiliyyətində bu göstəricci 9-10 min dollar təşkil edir. Bu, o deməkdir ki, 10 il ərzində mövcud göstərici 12 min dollara çatmalıdır, paritet qiymətlər üzrə isə 20 min dollar təşkil etməlidir", - Rüstəmov bildirib.
Onun sözlərinə görə, bu, qeyri-neft sektorunun artımı hesabına həyata keçməlidir.
"Bizim hesablamalarımıza görə, bu məqsədlərə çatmaq üçün Azərbaycan iqtisadiyyatı 10 il ərzində illik artımda ikirəqəmli göstəriciyə nail olmalıdır. Digər tərəfdən, qeyri-neft sektorunun illik artımı 10-12 faiz təşkil etməlidir, belə ki, ölkədə neft hasilatı sabitləşir", - Rüstəmov qeyd edib.
Onun sözlərinə əsasən, bu göstəricilərə çatmaq üçün yüksək investisiya fəallığı lazımdır və o, böyük dərəcədə xarici investisiyaların hesabına təmin edilməlidir.
"Onların ölkəyə böyük miqyasda cəlb edilməsi üçün yüksəkixtisaslı işçi qüvvəsi lazımdır" , - Rüstəmov deyib.