...

Azərbaycanda sığorta-pensiya sistemində sığorta prinsipləri gücləndirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2011 17:46 (UTC +04:00)
Azərbaycanda sığorta-pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi davam etdiriləcək.
Azərbaycanda sığorta-pensiya sistemində sığorta prinsipləri gücləndirilir

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda sığorta-pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi davam etdiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun hakim Yeni Azərbaycan Partiyasının saytında dərc edilən müsahibəsində deyilir.

"Növbəti ildə sığorta-pensiya sistemində gözlənilən və büdcənin tərtibi zamanı nəzərə alınmış əsas dəyişikliklər 2012-ci ilin 1 yanvarından qadınların pensiya yaşının 58,5, kişilərinkinin isə 63 yaş müəyyənləşdirilməsi, eləcə də cari ilin 1 iyulundan qüvvəyə minmiş 900 min nəfərə qədər əmək pensiyaçısının pensiyalarının yenidən hesablanaraq artırılması prinsipinin bütün ili, yəni 12 ayı əhatə etməsidir", - Müslümov bildirib.

Onun sözlərinə görə, pensiyaçıların sayının proqnozlaşdırılması zamanı 2011-ci ildə 1949-cu ildə doğulmuş 43,1 min nəfər kişinin 41,3%-nin və 1953-cü ildə (1 iyula qədər) doğulmuş 24,7 min nəfər qadının 11,1%-nin yaşa görə pensiya sisteminə daxil olacağı, bu zaman həmin illərdə doğulmuş kişi və qadınlardan müxtəlif səbəblər, yəni dünyasını dəyişmə, ölkədən köçüb getmə, güzəştli pensiya hüququndan istifadə etmə, əlil olma nəticəsində müəyyən şəxslərin sistemdən kənarda qalacağı nəzərə alınıb. Bütün bu amillər hesaba alınmaqla il ərzində sistemə yaşa görə 23,3 min nəfərin, əlilliyə görə 13,6 min nəfərin, ailə başçısının itirilməsinə görə isə 6,2 min nəfərin, ümumilikdə 43,1 min nəfərin daxil olacağı, müxtəlif səbəblərdən isə sistemi 45,1 min nəfərin tərk edəcəyi proqnozlaşdırılır.

"Bu parametrlər nəzərə alınmaqla DSMF-nin növbəti ilə pensiya xərcləri 2322,5 mln. manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 13,4 faiz və ya 275,1 milyon manat çoxdur", - Fond sədri vurğulayıb.

Müslümovun sözlərinə görə, pensiya xərclərinin 56 faizi və ya 1261 milyon manatı əmək pensiyalarının baza hissəsinin, 44 faizi və ya 1020 milyon manatı isə sığorta hissəsinin payına düşür.

"Bu, 2011-ci ilə nisbətən sığorta hissəsinin xüsusi çəkisinin 8,3 faiz artması deməkdir. Başqa sözlə, ölkənin sığorta-pensiya sistemində getdikcə sığorta prinsiplərinin gücləndirilməsi davam etdiriləcək", - o deyib.

DSMF-nin 2012-ci üçün gəlir və xərcləri 2 454,3 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2011-ci ilin göstəricisindən 13,3 faiz çoxdur.

Dekabrın 16-na olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti