...

Azərbaycanda ödəniş kartları üzrə fırıldaqçılığın qarşısının alınması mövzusunda forum keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2011 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Azərbaycan Mərkəzi Bankı (AMB) "Visa Inc." beynəlxalq kart təşkilatı ilə birgə "Azərbaycanda Visa təşkilatının üzvü olan banklar üçün ödəniş kartları üzrə fırıldaqçılığın qarşısının alınması" mövzusunda forum keçirib.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, AMB-nin təşkilatçılığı ilə keçirilən forumda Azərbaycanda nağdsız ödəniş sistemlərinin inkişafı, bu istiqamətdə dövlət tərəfindən görülmüş işlər, həmçinin ödəniş kartları vasitəsilə baş verə biləcək fırıldaqçılıq hallarının qarşısının alınması yolları müzakirə edilib.

"Visa Inc." beynəlxalq kart təşkilatı tərəfindən MDB və Cənub-Şərqi Avropa ölkələri üzrə risk meneceri Jan Yovanovskinin, MDB ölkələri üzrə biznesin inkişafı meneceri Yekaterina Valyanonun, həmçinin MDB ölkələri üzrə regional menecer Aleksandr Kalitanın və bu təşkilata üzv olan bankların nümayəndələrinin iştirak etdiyi forumda bildirilib ki, son illər AMB tərəfindən ölkədə elektron ödəniş sistemlərinin yaradılması və nağdsız hesablaşmaların həcminin artırılması istiqamətində bir sıra mühüm layihələr uğurla başa çatdırılıb.

"Visa Inc." beynəlxalq kart təşkilatının MDB ölkələri üzrə regional meneceri Aleksandr Kalita Visa kartları ilə nağdsız ödənişlərin inkişafı barədə məlumat verərək bildirib ki, hazırda Azərbaycandakı 44 bankdan 32-si "Visa Inc." beynəlxalq kart təşkilatının üzvüdür. O, həmçinin qeyd edib ki, 2011-ci ilin sentyabr ayına olan məlumata görə, ölkədə 4,5 milyon ədəd ödəniş kartı emissiya olunub ki, bunun da 3,6 milyonu Visa brendi adı altında emissiya edilib.

Daha sonra forumda 2012-ci il üçün Azərbaycanda ticari ekvayrinqin inkişafında VİSA-nın fəaliyyətinin əsas istiqamətləri, Visa pulköçürmə xidməti və onun üstünlükləri, eləcə də ödəniş kartları üzrə fırıldaqçılığın qarşısının alınması, bu istiqamətdə əlaqədar qurumlarla əməkdaşlıq məsələlərinə də toxunulub.

Xəbər lenti

Xəbər lenti