...

"Akkord Korporasiyası" beynəlxalq sertifikatlara layiq görülüb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2011 16:39 (UTC +04:00)
"Akkord Korporasiyası" beynəlxalq sertifikatlara layiq görülüb.
"Akkord Korporasiyası" beynəlxalq sertifikatlara layiq görülüb (FOTO)

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Azərbaycanın "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC cari ilin sonlarına doğru beynəlxalq standartların tətbiqi istiqamətində daha bir uğura imza atıb və beynəlxalq SGS şirkəti tərəfindən keçirilmiş sertifikatlaşma auditinin nəticələrinə əsasən Əməyin Mühafizəsinin İdarəetmə Sistemləri üzrə OHSAS 18001:2007 və Ətraf Mühitin Mühafizəsi İdarəetmə Sistemləri üzrə İSO 14001:2004 sertifikatlarına layiq görülüb. Bu sertifikatlar korporasiyaya müvafiq sahələrdə əldə etdiyi yüksək nailiyyətlərə görə təqdim edilib.

ASC-dən bazar ertəsi Trend-ə verilən məlumata görə, Əməyin Mühafizəsinin İdarəetmə Sistemləri üzrə OHSAS 18001:2007 və Ətraf Mühitin Mühafizəsi İdarəetmə Sistemləri üzrə İSO 14001:2004 sertifikatlarının alınması üçün SGS şirkətinin nümayəndələri korporasiyaya 2011-ci ilin oktyabr ayında dəvət olunublar. Sözügedən məsələlər üzrə real vəziyyətin öyrənilməsi üçün "Akkord"un müxtəlif tikinti və istehsal sahələrində olan nümayəndə heyəti araşdırılan məsələlər üzrə korporasiyaya tövsiyə xarakterli sənəd təqdim edib. Bundan sonrakı bir ay ərzində bu tövsiyələrin yerinə yetirilməsi istiqamətində ciddi iş aparılıb və noyabrın 21-23-də SGS nümayəndələri tərəfindən keçirilən yekun audit "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin öz fəaliyyətini Əməyin Mühafizəsinin İdarəetmə Sistemləri üzrə 18001:2007 və Ətraf Mühitin Mühafizəsi İdarəetmə Sistemləri üzrə 14001:2004 sertifikatlarının tələblərinə tam şəkildə uyğunlaşdırdığını rəsmi şəkildə təsdiq edib. Beləliklə, korporasiya bütün dünyanın qəbul etdiyi ali standartlar səviyyəsində fəaliyyət göstərmək məqsədinin nə qədər ciddi olduğunu bir daha nümayiş etdirib.

Qeyd edək ki, ötən il SGS şirkəti tərəfindən "Akkord"un 2007-ci ildən bəri beton, asfalt, kərpic və təbii daşlardan məmulatlar istehsalı, körpü-tunel və yol tikintisi, sənaye-mülki təyinatlı binaların layihələndirilməsi və tikintisi sahəsində beynəlxalq İSO 9001:2008 Sertifikatının tələblərindən doğan fəaliyyətinin də auditi aparılıb. Yekun nəticəyə əsasən, resertifikasiya aparılaraq bu fəaliyyətin sözügedən sənədin tələblərinə tam şəkildə uyğun olduğu təsdiq edilib və sertifikatın müddəti 2014-cü ilədək uzadılıb.

Diqqətəlayiq faktdır ki, hər zaman yenilikçi ruhu ilə seçilən və mütərəqqi istiqamətlərin dəyərləndirilməsində xususi ilə seçilən "Akkord"un 2011-ci ilin sonlarına doğru əldə etdiyi beynəlxalq sertifikatlar bir növ, son iki il ərzində əldə edilən uğurların məntiqi davamına çevrilib. Belə ki, hələ ötən ilin ortalarından etibarən "Akkord"un struktur və idarəetmə sistemlərində tətbiq edilən müxtəlif yeniliklər qısa vaxt ərzində icra edilən layihələrin keyfiyyət və sürətinin daha da yüksəlməsinə səbəb olmuşdu.

Yeni strukturda Səhmdarların Ümumi Yığıncağının, Direktorlar Şurasının, İdarə Heyətinin, Audit Komitəsinin, Risklərin İdarəedilməsi Komitəsinin və digər struktur vahidlərinin fəaliyyət qaydaları əsasnamələrə və qaydalara müvafiq həyata keçirilməklə müasir tələblərə uyğunlaşdırılıb. Risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə "Akkord Korporasiyası" daxili nəzarət funksiyasını gücləndirərək daha da genişləndirib. Həmçinin, maliyyə və İT risklərinin, əməliyyat risklərinin, layihə idarəetmə və s. risklərin qiymətləndirilməsi, tənzimlənməsi mexanizmləri tətbiq edilib. Bundan başqa, korporasiyada investisiya siyasətinin təkmilləşdirilməsi və açıq tender prosedurlarının tətbiqi həyata keçirilib.

Ümumilikdə, "Akkord Korporasiyası"nın 2007, 2008, 2009, 2010-cu illərin və 2011-ci ilin 6 ayının yekunlarına görə maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanıb və Mak Azerbaijan Ltd. audit firmasının yoxlamasından keçib.

Eyni zamanda, maliyyə hesabatlarının növbəti auditini aparmaq məqsədilə korporasiya tərəfindən dünyanın audit və konsaltinq şirkətlərinin "böyük dördlüyü"nə daxil olan "Deloitte & Touche" şirkəti ilə müqavilə bağlanıb.

2011-ci ildə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə beynəlxalq reytinqin alınması üçün danışıqlara da başlanılıb və bu məqsədlə "Fitch" reytinq agentliyi ilə müqavilə bağlanıb. Hazırda "Fitch" reytinq agentliyi tərəfindən korporasiyanın fəaliyyətinin təhlili davam etdirilir və təhlil başa çatdırıldıqdan sonra 2011-ci il dekabr ayının sonunadək AC-nin reytinqi açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti