Azərbaycan, Bakı, 26 yanvar /Trend/
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlak bazarında aşkar olunmuş yararsız mallar məhv edilib.
Trend-in cümə axşamı nazirliyin saytına istinadən yaydığı məlumata görə, Bakının Xəzər, Xətai, Nəsimi, Nərimanov, Nizami, Binəqədi rayonlarında, Sumqayıt, Şəki, Bərdə, Gəncə şəhərlərində, eləcə də Şəmkir rayonunda aparılan yoxlamalar zamanı ümumi çəkisi 510 kq-dan artıq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Bundan başqa, qeyd olunan obyektlərdə malların üzərində qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyən olunub.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.