...

Azərbaycanda hava şəraitinin pisləşməsi sığorta hadisələrinin artmasına səbəb olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2012 19:34 (UTC +04:00)
Son günlər Azərbaycanda hava şəraitinin pisləşməsi ölkədə sığorta hadisələrinin, xüsusilə, yol-nəqliyyat hadisələrinin artmasına səbəb olub.
Azərbaycanda hava şəraitinin pisləşməsi sığorta hadisələrinin artmasına səbəb olub

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir A.Axundov/

Son günlər Azərbaycanda hava şəraitinin pisləşməsi ölkədə sığorta hadisələrinin, xüsusilə, yol-nəqliyyat hadisələrinin artmasına səbəb olub.

Bazar ertəsi "Atəşgah" sığorta şirkətindən Trend-ə verilən məlumata görə, yanvarın 27-dən 29-dək olan dövrdə şirkətin həm Bakı, həm də Azərbaycan regionlarındakı müştərilərinin iştirakı ilə 54 sığorta hadisəsi baş verib.

"Qeyd etmək lazmdır ki, hava şəraiti ilə əlaqədar olaraq, mövcud yol-nəqliyyat hadisələrinin sayı qeydə alınmış sığorta hadisələrinin statistikasına əsasən normanı 2-3 dəfə üstələyir", - şirkətdən bildiriblər.

AXA MBASK sığorta şirkətinə ödənişlərə görə daxil olan müraciətlər də çoxalıb.

"Adətən həftə sonu sığorta hadisələri orta hesabla 7-10 səviyyəsində olur, bu həftə sonu isə 21 sığorta hadisəsi qeydə alınıb", - şirkətdən deyiblər.

Bir sıra şirkətlərdə də sığorta hadisələrinin sayı artıb. Lakin sığortaçının avtomobilin zədələnməsi haqqında şirkəti dərhal məlumatdırmadığı hallar da olur. Bununla əlaqədar olaraq, sığorta şirkətlərində qeydə alınmış hadisələrin sayı mənzərəni tam əks etditməyə bilər.

"Qeyd etmək xoşdur ki, son günlər pisləşən hava şəraiti ödənişə görə "AtaSığorta"ya müraciətlərin sayının artmasına təsir etməyib. Yanvarın 27-də müraciət edənlərin sayı 4, yanvarın 28-də 1, yanvarın 29-da 1 nəfər olub ki, bu da adətən müşahidə edilən haldır", - şirkətin idarə heyətinin sədr müavini İsrail Qarayev Trend-ə deyib.

Digər şirkətlərə, o cümlədən "AzSığorta" SŞ-yə müraciət edənlərin sayı da dəyişməyib.

Azərbaycanda soyuq olsa da, nisbi sabit hava şəraiti fevralın 2-dən yenidən kəskinləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bazar ertəsi Trend-ə deyib ki, fevralın 2-də yenidən güclü şimal-qərb küləyi əsəcək, fasilələrlə qar yağacaq.

Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə şaxta təşkil edəcək, yollar buz bağlayacaq.

Yanvarın 31-də isə ölkə ərazisində hava şəraiti arabir yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacaq, saniyədə 8-13 metr sürətlə şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu respublikanın Aran rayonlarında gecə 1-6 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25 dərəcə şaxta olacağı proqnozlaşdırılır. Yollar buz bağlayacaq.

Yanvarın 30-da gecə saatlarında Bakıda və Abşeron yarımadasında 1-4 dərəcə şaxta gözlənilir.

Yanvarın 31-də gündüz saatlarından başlayaraq, hava nisbətən mülayimləşəcək və artıq havanın temperaturu nisbətən yüksələcək. Sabah gün ərzində temperaturun müsbət 4 dərəcəyədək yüksələcəyi gözlənilir.

Fevralın 1-də isə gündüz saatlarında hava şəraitinin qısa müddətə mülayimləşəcəyi, temperaturun 4-6 dərəcə isti təşkil edəcəyi gözlənilir. Lakin fevralın 1-dən başlayaraq, şimal-qərb küləyi yenidən saniyədə 10-15 metr sürəti ilə əsəcək, gecə saatlarında küləyin sürəti 18-20 metrədək güclənəcək, temperatur yenidən sıfır dərəcəyə yaxınlaşacaq.

Xəbər lenti

Xəbər lenti