...

Azərbaycanda dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması tədbirləri davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2012 17:36 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi "Azərboru" və "Bakı Elektriktökmə" açıq səhmdar cəmiyyətləri tərəfindən təqdim edilmiş sağlamlaşdırma tədbirlərinə dair proqramların layihələrini müvafiq dövlət strukturları ilə razılaşdırır.
Azərbaycanda dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması tədbirləri davam etdirilir

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir A.Axundov/

Əmlak Məsələləri Dövlət Komitəsi "Azərboru" və "Bakı Elektriktökmə" açıq səhmdar cəmiyyətləri tərəfindən təqdim edilmiş sağlamlaşdırma tədbirlərinə dair proqramların layihələrini müvafiq dövlət strukturları ilə razılaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı komitənin yaydığı məlumatda deyilir.

Bu barədə komitədə keçirilən geniş iclasda komitənin sədri Kərəm Həsənov çıxışında bildirib.

"2011-ci ildə dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılma tədbirləri davam etdirilib. Belə ki, qlobal maliyyə-iqtisadi böhran dövründə fəaliyyəti dayanmış Gəncə Gil-Torpaq istehsalat sahəsi görülmüş tədbirlər nəticəsində yenidən işə başlayıb və hazırda müəssisədə 1200 nəfərə yaxın işçi çalışır. Bu istiqamətdə "Azərboru" və "Bakı Elektriktökmə" açıq səhmdar cəmiyyətləri tərəfindən təqdim edilmiş sağlamlaşdırma tədbirlərinə dair proqramlara baxılıb və müvafiq təhlillər aparılıb. "Azərboru" SC-nin təqdim etdiyi layihənin aidiyyəti dövlət orqanları ilə razılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir", - Həsənov deyib.

Onun sözlərinə görə, 2011-ci ildə komitə 2010-cu ilin yekununa görə nizamnamə kapitalında dövlətin payı olan 308, komitənin sərəncamında olan 93 dövlət müəssisəsindən balans hesabatlarını qəbul edib.

"Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat"ı təqdim etməli olan 6280 dövlət müəssisəsi və təşkilatının 5901-dən xüsusi hesabatların alınması təmin edilib", - Həsənov bildirib.

2011-ci ildə 230-dan çox müəssisə və obyektdə dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, habelə dövlət büdcəsinə dividendlərin hesablanması vəziyyəti araşdırılıb.

"Özəlləşdirilmədən sonra bağlanılmış alqı-satqı müqavilələrinin şərtlərinə əməl olunması və fəaliyyət profilinin saxlanılması ilə bağlı sosial təyinatlı 90 obyektdə monitorinqlər aparılıb", - Həsənov deyib.

Hazırda "Azərboru" ASC müxtəlif diametrli və qalınlıqda boruların istehsalı üçün lazım olan avadanlıqlara malikdir. Habelə, müəssisə 114, 127, 133, 140, 146, 152, 159, 168, 187, 194, 219 və 245 millimetrlik diametrə malik borular istehsal etməyə qadirdir. Müəssisə adi təyinatlı, eləcə də müdafiə, soyutma-kompressor və neft nəql edən borular istehsal edir.

Xəbər lenti

Xəbər lenti