...

Azərbaycan və Belarus iqtisadi əməkdaşlıq haqqında saziş imzalayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2012 17:04 (UTC +04:00)
Belarusun iqtisadiyyat naziri Nikolay Snopkov və Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev fevralın 22-də nazirliklər arasında əməkdaşlıq haqqında saziş imzalayacaqlar.
Azərbaycan və Belarus iqtisadi əməkdaşlıq haqqında saziş imzalayacaqlar

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir N.İsmayılova/

Belarusun iqtisadiyyat naziri Nikolay Snopkov və Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev fevralın 22-də nazirliklər arasında əməkdaşlıq haqqında saziş imzalayacaqlar. Bu barədə çərşənbə axşamı Trend-ə Belarusun Azərbaycandakı səfirliyindən məlumat verilib.

Saziş Snopkovun fevralın 21-dən 23-dək Azərbaycana işgüzar səfəri çərçivəsində imzalanacaq.

"Saziş nazirliklər arasında əməkdaşlığın aktivləşdirilməsini, iqtisadi əməkdaşlığın genişləndirilməsini, ikitərəfli əlaqələrin inkişafını, ölkələr arasında iqtisadi əlaqələrin dəstəklənməsini, əməkdaşlığın yeni istiqamətlərinin inkişafını, investisiyalar və ticarət, sahibkarlıq kimi sahələrdə informasiya və təcrübə mübadiləsini, birgə tədqiqatların aparılmasını və innovasiyaların tətbiqini, biznes forumların keçirilməsini, birgə proqramların reallaşdırılmasını nəzərdə tutur", - səfirlikdən deyiblər.

Məlumata görə, ölkələr artıq mal dövriyyəsinin bir milyard dollarlıq səviyyəsinə çatıblar. Həm də ötən ilin yekunları üzrə Azərbaycanın qeyri-neft sektorunun məhsullarının satışı 150 faizi ötərək artım sürəti nümayiş etdirib.

"Əlbəttə, biz gələcəkdə də mal dövriyyəsi həcmlərinin artırılmasından ötrü bütün səyləri göstərəcəyik. Çünki bunun üçün bizdə hər cür ilkin şərait var. Bu, həm enerji resurslarının tədarükünə, həm də qeyri-neft sektorunun məhsullarına aiddir. Biz azərbaycanlı iş adamlarına qarşılıqlı sərfəli ticarət həcmlərinin artırılması üzrə yardım göstəririk və qeyd etməyə dəyər ki, Belarusa Azərbaycandan tədarükün artım sürəti Belarus mallarının Azərbaycana tədarükünün artım sürətini üstələyir", - səfirlikdən bildiriblər.

Səfirlikdən deyildiyi kimi, mal dövriyyəsinin artırılması ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində birgə layihələrin reallaşdırılması, yəni müxtəlif istehsalatların yaradılması, kənd təsərrüfatı, neft-kimya, maşınqayırma sahələrində layihələr kimi əməkdaşlığın inkişaf istiqamətləri də nəzərdən keçirilir.

"Biz habelə investisiyaların qarşılıqlı şəkildə cəlb edilməsi sahəsində əməkdaşlığa da istiqamətlənmişik və azərbaycanlı iş adamlarını Belarusa fəal investisiya qoyuluşları həyata keçirməyə dəvət edirik. Belarus şirkətləri Azərbaycanda birgə layihələrin reallaşdırılmasında da maraqlıdırlar", - səfirlikdən deyiblər.

Azərbaycan və Belarus təhsil sahəsində əməkdaşlığı da genişləndirir.

Məlumatda deyildiyi kimi, Belarus ali məktəblərinin azərbaycanlı gənclərin xaricdə təhsil alması proqramına daxil edilməsi planlaşdırılır. Ölkələr səhiyyə, humanitar, elmi-texniki və İKT sahəsində əlaqələr qururlar.

"Bu kontekstdə iki ölkənin İqtisadiyyat nazirlikləri arasında saziş ümumilikdə ölkələr arasında ikitərəfli əməkdaşlığın gələcək inkişafına öz töhfəsini verəcək", - səfirlikdən bildiriblər.

Çərşənbə axşamı Azərbaycanın Minskdəki səfirliyinin üçüncü katibi Ramin Səlimxanov BelaPAN agentliyinə bildirib ki, Belarus və Azərbaycan Venesuela ilə Azərbaycan neftinin svop-sxem üzrə tədarükü haqqında danışıqlar da aparırlar. Ötən il svop-müqavilə üzrə Belarusa bir milyon tona yaxın Azərbaycan nefti tədarük olundu.

Səfirliyin nümayəndəsi bildirib ki, Azərbaycan nefti keyfiyyətinə görə Venesuela neftindən daha yaxşıdır. Neft məhsullarından istifadə zamanı Azərbaycan neftindən istifadədən əldə olunan iqtisadi səmərə Venesuela neftindən istifadə zamanı əldə olunan iqtisadi səmərədən 30 dollar çoxdur.

Xəbər lenti

Xəbər lenti