...

Azərbaycan Mərkəzi Bankı: I rübdə manatın ikitərəfli məzənnəsinin sabitliyi təmin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2012 18:00 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən I rübdə 233 milyon dollar həcmində valyuta sterilizasiyası həyata keçirilib.
Azərbaycan Mərkəzi Bankı: I rübdə manatın ikitərəfli məzənnəsinin sabitliyi təmin edilib

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir A.Axundov/

Manatın məzənnəsinin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla da qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən I rübdə 233 milyon dollar həcmində valyuta sterilizasiyası həyata keçirilib.

Trend-in məlumatına görə, bu barədə cümə günü AMB-nin pul siyasəti üzrə hesabatında deyilir.

"2012-ci ilin I rübü ərzində AMB özünün məzənnə siyasətini dəhliz daxilində ABŞ dolları/manat ikitərəfli məzənnəsinin hədəflənməsi çərçivəsində həyata keçirməkdə davam etdirib. Ölkənin tədiyyə balansında irihəcmli profisitin yaranması şəraitində valyuta bazarında təklif genişlənib", - hesabatda bildirilir.

Nəticədə rüb ərzində manatın ABŞ dollarına qarşı məzənnəsi mülayim templə, cəmi 0,04 faiz möhkəmlənib. Milli valyutanın məzənnəsinin sabitliyi ölkədə makroiqtisadi və maliyyə sektorunun sabitliyinə müsbət təsir göstərib.

Birinci rübdə manatın nominal məzənnəsi Azərbaycanın ticarət tərəfdaşı olan əksər ölkələrin valyutalarına nəzərən ucuzlaşıb. Manatın nominal ikitərəfli məzənnəsinin dinamikası real ikitərəfli məzənnələrin də dəyişməsinə təsir göstərib.

Yanvar-mart aylarında manat Avrozona, Böyük Britaniya, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, İsrail, Çin, Belarus və Koreya Respublikası valyutalarına nəzərən həm nominal, həm də real olaraq ucuzlaşıb. Ukrayna, İran və Yaponiya kimi ölkələrin valyutalarına nəzərən isə manat nominal və real olaraq möhkəmlənib.

Cari ilin I rübündə qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə (ümumi ticarət dövriyyəsi üzrə) 2,1 faiz ucuzlaşıb. Tərəfdaş ölkələrdəki inflyasiya ilə Azərbaycandakı inflyasiya arasındakı fərq isə real effektiv məzənnəyə 0,8 faiz bənd azaldıcı təsir göstərib.

Nəticədə manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi rüb ərzində 2,9 faiz ucuzlaşıb.

"Beləliklə, hesabat dövründə Mərkəzi Bank manatın ikitərəfli məzənnəsinin sabitliyini təmin edib. Manatın çoxtərəfli məzənnəsi isə bir sıra tərəfdaş ölkələrdə ikitərəfli məzənnənin tərəddüdlərindən təsirlənib", - hesabatda deyilir.

Xəbər lenti

Xəbər lenti