Azərbaycan, Bakı, 7 may /Trend, müxbir A.Axundov /
Azərbaycanın "A-Qroup" Sığorta Şirkəti özünün uzunmüddətli inkişaf proqramı çərçivəsində nizamnamə kapitalını 62 faiz artırıb. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.
"A-Qroup" Sığorta Şirkəti özünün uzunmüddətli inkişaf proqramı çərçivəsində nizamnamə kapitalını növbəti dəfə artırıb. Beləliklə, "A-Qroup" Sığorta Şirkətinin nizamnamə kapitalı 2 906 250 milyon manatdan 4 719 750 milyon manatadək artdı. "A-Qroup" Sığorta Şirkətinin inkişaf proqramı gələcəkdə bu göstəricinin artırılmasını nəzərdə tutur", - şirkətin məlumatında deyilir.
2012-ci ilin I rübü üzrə sığorta ödənişlərinin həcmi 1 114 056 AZN təşkil edib.
"Daxilolmanın əsas hissəsi könüllü tibbi sığorta üzrədir. Qeyd etmək lazımdır ki, 2012-ci ilin 3 ayı ərzində əmlak sığortası üzrə mükafatlar 201 363 AZN təşkil edir, avtomobil sığortası üzrə isə 148 487 AZN təşkil edir", - məlumatda deyilir.
"A-Qroup" Sığorta Şirkəti 1995-ci ildə təsis edilib. Hazırda şirkət 14 könüllü sığorta növü üzrə xidmət göstərir. İlin əvvəlində şirkət növbəti dəfə İSO 9001 beynəlxalq keyfiyyət standartına cavab verdiyini təsdiq etmişdir. "A-Qroup" Korporativ idarəetmə layihəsinin təkmilləşdirilməsi üzrə ikinci pilot proqramı çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən seçilmiş yeganə sığorta şirkətidir.