Azərbaycan, Bakı, 29 may /Trend, müxbir A.Axundov/
2011-ci ildə Azərbaycan ÜDM-də investisiyaların payı 31,5 faiz təşkil edib ki, bu da ötən il dünyada ən yüksək göstəricilərdən biridir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Milli Məclisin İqtisadi siyasət komitəsinin rəhbəri Ziyad Səmədzadə Parlamentdə "2011-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"2011-ci ildə ölkə iqtisadiyyatına investisiyalar 20 milyard dollar olub ki, bu da ÜDM-in 31,5 faizini təşkil edib. Bu, ötən il dünyada ən yüksək göstəricilərdən biridir", - Səmədzadə qeyd edib.
Onun sözlərinə görə, 2011-ci ildə dünya iqtisadiyyatında mənfi hadisələr şəraitində Azərbaycan iqtisadiyyatı sabitliyini qoruyub və artım nümayiş etdirib.
"2011-ci ildə iqtisadiyyatın qeyri-neft sektoru artıb, onun ÜDM-də payı 48,3 faiz təşkil edib", - Səmədzadə deyib.