Azərbaycan, Bakı, 29 may /Trend/
Bu il iyun ayının 13-dən 15-dək "Bakı Ekspo" mərkəzində Beynəlxalq "Nəqliyyat, tranzit və loqistika" ("TransCaspian-2012") sərgisi keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Iteca Caspian LLC" şirkətinin yaydığı məlumatda deyilir.
Artıq 10 ildən çoxdur ki, "TransCaspian" sərgisi Qafqazda ən əhəmiyyətli nəqliyyat forumu kimi fəaliyyət göstərir və Azərbaycanın nəqliyyat-tranzit potensialının səmərəli istifadəsinə öz töhfəsini verməklə yanaşı, regionda nəqliyyat sənayesi mütəxəssislərinin məhsuldar əməkdaşlığına da kömək edir. Əsası qoyulduğu gündən etibarən sözügedən sərgi Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir və TRACEKA layihəsi ilə sıx əməkdaşlıq edir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" MMC və onun tərəfdaşı "ITE Group plc" şirkətləri çıxış edirlər.
Bu il sərgi Azərbaycan, Almaniya, Gürcüstan, İtaliya, Latviya, BƏƏ, Polşa, Rusiya, Türkiyə, Ukrayna, Fransa və Çexiya da daxil olmaqla, dünyanın 15 ölkəsindən 70 şirkəti bir yerə toplayacaq. Xorvatiya bu il ilk dəfədir ki, sərgiyə qatılır. Latviya milli stendi isə sərgidə ardıcıl olaraq ikinci ildir iştirak edir.
Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Azərbaycanın əsas dövlət nəqliyyat strukturları - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Azərbaycan Dövlət Dəmiryolu İdarəsi, Azərbaycan Dövlət Dəniz Administrasiyası, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ADXDG) və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti də iştirak edirlər. Sözügedən qurumlar öz stendlərində aktual layihələri nümayiş etdirəcəklər.
Sərgidə dəmiryol nəqliyyatı, yüklərin avtomobil yolu/dənizlə daşınması və neftin nəqli kimi sektorlar geniş formatda təqdim olunacaq.
Beynəlxalq limanların fəal iştirakı isə "TransCaspian-2012" sərgisinin fərqli xüsusiyyətlərindən birinə çevriləcək. Belə ki, sərginin ekspozisiyasına Qara dəniz, Xəzər dənizi və Baltik dənizi limanları daxil olacaq ki, bunların da arasında Poti limanı, Batumi limanı, Liepaysk limanı, Ventspilssk azad limanı və Bakı Ticarət Limanı var. Yükdaşıma sektorunu Almaniya, Gürcüstan, Rusiya və Azərbaycandan olan şirkətlər təqdim edəcəklər.
"TransCaspian-2012" sərgisi işgüzar danışıqların aparılması və qarşılıqlı faydalı müqavilələrin imzalanması üçün əla meydançaya çevriləcək.