...

Azərbaycan və Kabardin-Balkar arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirəsi olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2012 18:43 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov ilə Rusiya Federasiyası Kabardin-Balkar Respublikası Baş nazirinin müavini Kazım Uyanayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşün məqsədi aqrar sahədə ikitərəfli əməkdaşlığın və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi olub.
Azərbaycan və Kabardin-Balkar arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirəsi olunub

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov ilə Rusiya Federasiyası Kabardin-Balkar Respublikası Baş nazirinin müavini Kazım Uyanayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşün məqsədi aqrar sahədə ikitərəfli əməkdaşlığın və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi olub.

Nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Abasov qonaqları səmimi salamlayaraq, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişafın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində aqrar sahədə əldə olunan nailiyyətlər və dövlətin aqrar sahəyə göstərdiyi qayğı haqqında ətraflı məlumat verib. Bildirib ki, 2009-cu ildə imzalanmış "Azərbaycan Respublikasının Hökuməti ilə Kabardin-Balkar Respublikasının Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqında Saziş" ilə hər iki ölkə arasında əməkdaşlığın əsası qoyulub.

2011-ci ilin oktyabr ayında Kabardin-Balkar Respublikasının rəhbəri Arsen Kanokovun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya ikigünlük səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşdə əldə olunmuş razılaşmalar hər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına təkan verib.

Nazir qeyd edib ki, Azərbaycan ilə Kabardin-Balkar arasında dostluq və qardaşlıq əlaqələri müxtəlif sahələrdə olduğu kimi, aqrar-sənaye kompleksində də inkişaf edir. Yuxarıda adıçəkilən sazişin icrası nəticəsində hər iki ölkənin aqrar-sənaye kompleksinin təsərrüfat subyektləri arasında əməkdaşlıq sahəsində bir sıra uğurlar əldə edilib. Abasov ölkələrimiz arasında aqrar məhsulların ticarət dövriyyəsinin həcminin artdığını qeyd edərək, Azərbaycandan Kabardin-Balkara əsasən çay, ədviyyat, pambıq, spirtli və spirtsiz içkilər, konservləşdirilmiş meyvə və tərəvəz məhsullarının ixrac olunduğunu, Kabardin-Balkardan Azərbaycana isə müxtəlif qida məhsullarının idxal olunduğunu nəzərə çatdırıb.

Abasov Azərbaycan ilə Kabardin-Balkar arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə aşağıdakı istiqamətlərdə təkliflərini nəzərə çatdırıb:

- kənd təsərrüfatı məhsullarının becərilməsi, istehsalı və emalı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin yaradılmasına dəstək vermək;
- faraş tərəvəz, meyvə-tərəvəz konservləri, təbii meyvələr, həmçinin, nar şirəsi, tomat pastası, Azərbaycan şərabları, bitki yağları, fermentləşdirilmiş tütün və qara çayın Kabardin-Balkar bazarlarına ixrac həcminin artırılmasına nail olmaq;
- aqrobiznes əməkdaşlığının genişləndirilməsi məqsədilə hər iki ölkədə biznes forumların, həmçinin, kənd təsərrüfatı məhsullarının sərgi-satışını təşkil etmək;
- aqrar yönümlü təhsil və elmi-tədqiqat müəssisələri arasında əlaqələri möhkəmləndirmək.

Kabardin-Balkar Respublikası Baş nazirinin müavini Uyanayev səmimi qəbula görə öz minnətdarlığını bildirərək, aqrar sahədə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində öz səylərini əsirgəməyəcəyini nəzərə çatdırıb.

Xəbər lenti

Xəbər lenti