Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir Ə.Həsənov/
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət-Toksikologiya Laboratoriyası bazarlarda satılan yemiş və qarpızlarda gübrələrin miqdarının yoxlanılmasını tədbirlərini gücləndirib. Bu barədə bazar ertəsi Trend-ə laboratoriyanın rəhbəri Yaqub İbrahimov məlumat verib.
"Yoxlamalar istehlak bazarına çıxarılan bütün tərəvəz və meyvələri əhatə edir", - İbrahimov deyib.
Onun sözlərinə görə, mayda bəzi çiyələk partiyalarında gübrələrin miqdarının çox olması halları baş vermişdi, iyunun əvvəlində isə oxşar hal bir sıra qarpız və yemiş partiyalarında aşkar edilib. Lakin iyulun əvvəlində aparılan yoxlamalar zamanı kənd təsərrüfatı məhsullarının heç bir partiyasında onların tərkibində gübrələrin miqdarının artması ilə bağlı fakt aşkar edilməyib.
İbrahimov qeyd edib ki, kənd təsərrüfatı məhsulları istehsalçıları məhsuldarlığın artırılması məqsədilə çoxlu sayda gübrələrdən istifadə edirlər ki, bu da insan sağlamlığı üçün zərəlidir. Bakının kənd təsərürfatı məhsullarının bəzi satış məntəqələrində satılan yemişlərlə bağlı belə hallara rast gəlinib və onlar satışdan çıxarılıb.
Keyfiyyətsiz kənd təsərrüfatı məhsullarının satışı faktlarına müntəzəm olaraq yoxlamaların aparıldığı Bakının Xətai (Keşlə qəsəbəsi), Nərimanov, Yasamal, Nəsimi və Suraxanı rayonlarında rast gəlinib.
İbrahimovun sözlərinə görə, istixanalarda yetişdirilən qarpız və yemişlərin tərkibində gübrələrin miqdarı təbii şəraitdə yetişdirilən kənd təsərrüfatı məhsullarındakından çoxdur.
"Belə halları daha çox Sabirabad, Saatlı, Cəlilabad və Kürdəmir rayonlarında müşahidə etmək mümkünüdür. Lakin bu, o demək deyil ki, həmin rayonların məhsulları istifadə üçün təhlükəlidir", - İbrahimov deyib.
Onun sözlərinə görə, hazırda Fitosanitar Nəzarəti Xidmətinin bilavasitə yoxlama yerinə getməyə imkan verən səyyar laboratoriyaları var.