...

Azərbaycanlı əlillərin bərpa-müalicəsi Ukrayna ilə yanaşı Bolqarıstanda da təşkil olunacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2012 12:13 (UTC +04:00)
Bu il avqustun 6-da ilk dəfə olaraq ölkəmizdən 30 nəfər dayaq-hərəkət sistemi xəstəlikləri olan əlil vətəndaş 28 günlük bərpa-müalicə kursu keçmək üçün Bolqarıstan Respublikasına yola salınacaq.
Azərbaycanlı əlillərin bərpa-müalicəsi Ukrayna ilə yanaşı Bolqarıstanda da təşkil olunacaq (FOTO)

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Bu il avqustun 6-da ilk dəfə olaraq ölkəmizdən 30 nəfər dayaq-hərəkət sistemi xəstəlikləri olan əlil vətəndaş 28 günlük bərpa-müalicə kursu keçmək üçün Bolqarıstan Respublikasına yola salınacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daha 55 nəfər əlilliyi olan şəxs isə Ukrayna Respublikasının Saki şəhərindəki N. Burdenko adına onurğa-beyin xəstəlikləri sanatoriyasına göndəriləcək.

Bolqarıstan və Ukraynaya yola salınacaq əlillərlə avqustun 3-də keçirilən görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov əlil şəxslərin sağlamlığının bərpasının, onların tibbi-sosial reabilitasiyasının möhtərəm ölkə rəhbərinin sosial sahə ilə bağlı siyasətində mühüm yer tutduğunu, bu istiqamətdə tədbirlərin ilbəil gücləndiyini bildirib.

Qeyd olunub ki, "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununda əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bununla bağlı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə təsdiqlənən "2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı" bu təbəqələrdən olan şəxslərin sağlamlığının mühafizəsi və tibbi bərpası, onların xarici ölkələrdə reabilitasiyasına şəraitin yaradılması, sanatoriya-kurort müalicələrinin təşkili və s. istiqamətlərdə tədbirlər xüsusi yer tutur.

Ənənəvi olaraq hər il əlilliyi olan şəxslər qrup halında Ukrayna Respublikasının Saki şəhərindəki N. Burdenko adına onurğa-beyin xəstəlikləri sanatoriyasına göndərilir və həmin sanatoriyada aparılan ixtisaslaşmış fizioterapevtik müalicə kursu əlillərin səhhətində müsbət dəyişikliklər yaradır. Bununla yanaşı, cari ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında əldə edilmiş anlaşmaya əsasən, dayaq-hərəkət sistemi xəstəlikləri olan əlillərin bu ildən etibarən həmin ölkədəki sanatoriyalarda müasir müalicə metodları əsasında bərpa müalicələrinin təşkilinə başlanır.

Görüşdə ürək sözlərini ifadə edən əlillər onlara göstərilən böyük diqqət və qayğıya görə dövlətimizin rəhbərinə öz minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, əlil həmvətənlərimizin hər iki ölkəyə yola salınması Heydər Əliyev adına Beynəlxalq Hava Limanından xüsusi təyyarə reysi ilə həyata keçiriləcək. Həmin insanların müalicə müəssisələrində yerləşdirilməsi, onların lazımi müalicə prosedurları və xidmətlə təmin olunmalarına nəzarət etmək üçün nazirliyin nümayəndələri həmin ölkələrə ezam olunacaq.

Xəbər lenti

Xəbər lenti