Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir C.Nəsibova/
Dekabrın 27-dən etibarən "Qafqaz İnkişaf Bankı" ASC-nin 40 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanılır. Bu barədə çərşənbə günü Trend-ə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
"Bank səhmlərinin BFB-nin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı təkliflə fond birjasına müraciət edib", - birjanın məlumatında deyilir.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1 manat olan 40 milyon səhm buraxılıb.
Yerləşdirmənin anderrayteri qismində "Çelsi Kapital" ASC çıxış edir.
Emissiya prospektinin yerləşdirilməsi nəticəsində şirkətin nizamnamə kapitalı 14 milyon manatdan 54 milyon manatadək artırılacaq.