...

Vergilər Nazirliyi Kinematoqrafçılar İttifaqına qarşı cinayət işini siyasiləşdirməməyə çağırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2013 16:04 (UTC +04:00)
Vergilər Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbərliyinə qarşı cinayət işi qaldırılması məsələsinin siyasiləşdirilməsinin əleyhinədir.
Vergilər Nazirliyi Kinematoqrafçılar İttifaqına qarşı cinayət işini siyasiləşdirməməyə çağırır

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir A.Axundov/

Vergilər Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbərliyinə qarşı cinayət işi qaldırılması məsələsinin siyasiləşdirilməsinin əleyhinədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı vergilər nazirinin birinci müavini Natiq Əmirov mətbuat konfransında bildirib.

"2009-cu ilin faktları cinayət işi üzrə niyə məhz indi qaldırılıb" sualını cavablandıran Əmirov deyib ki, bu faktlar uzun müddət ərzində araşdırılırdı.

"Kinematoqrafçılar İttifaqında yoxlamalar plan rejimində başlayıb və yoxlamalardan 15 gün əvvəl İttifaqa müvafiq xəbərdarlıq göndərilib. Bu, ötən ilin ortalarında olub, ilin sonuna isə yoxlamalar yekunlaşıb. Bu yoxlamalar İttifaqın son 3 ildəki - 2009-2012-ci illərdəki fəaliyyətini əhatə edib ki, bu da qanunvericiliyə tam uyğundur. Yoxlamalar vergi ödənişlərindən yayınma faktını ortaya çıxarıb. Araşdırma istənilən sahibkara qarşı olduğu kimi, qanuni qaydada davam edir, qabaqcadan heç bir yanlış qənaət olmayıb. Bu məsələni siyasiləşdirmək düzgün deyil", - Əmirov vurğulayıb.

Qeyd edək ki, yanvarın 16-da Vergilər Nazirliyi məlumat yaymışdı ki, nazirliyin müvafiq strukturları tərəfindən Azərbaycan Kinematoqrafçılar İttifaqında 01.06.2009-cu il tarixdən 01.01.2012-ci il tarixədək olan dövr əhatə edilməklə 20.11.2012-ci ildə növbəti səyyar vergi yoxlaması başlanılıb. Yoxlama nəticəsində vergi orqanına bəyannamə təqdim olunmamaqla xeyli miqdar təşkil edən 12373,56 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilmədiyi aşkarlanaraq, fakt üzrə 27.12.2012-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti