Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir A.Axundov/
2012-ci ildə Azərbaycanda təqribən 150 min daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınıb. Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov kollegiya iclasında çıxışında deyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Komitənin yaydığı məlumatda deyilir.
"Onlardan 42 min obyekt üzərində mülkiyyət hüququ ilk dəfə qeydiyyata alınıb, 18 mini isə təkrar qeydiyyatdan keçib. Bundan başqa, hesabat dövründə 32 mindən çox ipoteka müqaviləsi qeydiyyata alınıb", - Həsənov bildirib.
Onun sözlərinə görə, ötən il təqribən 140 min daşınmaz obyektin texniki inventarizasiyası aparılıb, texniki pasportlar tərtib edilib.
"Dövlət reyestrindən hüquqi və fiziki şəxslərə məhdudlaşdırma haqqında 110 min arayış, əhaliyə isə təqribən 27 min müxtəlif məzmunlu arayış verilib", - Həsənov vurğulayıb.