Azərbaycan, Bakı, 23 may /Trend, müxbir E. Əliyev/
Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) Parlament Şəbəkəsi qlobal problemlərin həllinə yeni strateji yanaşmaların formalaşdırılması baxımından beynəlxalq təşkilatların səmərəliliyini artıran vacib platformaya çevrilib. Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov cümə axşamı Bakıda keçirilən DB və BVF-nin Parlament Şəbəkəsinin konfransında çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti beynəlxalq maliyyə təşkilatları, xüsusilə DB və BVF ilə əməkdaşlığa böyük önəm verir: "Bu institutlar Azərbaycana bazar iqtisadiyyatına keçid, iqtisadiyyatın sabitləşdirilməsi və inkişafın təminatı proseslərində həmişə maliyyə və intellektual dəstək göstərib".
Rüstəmovun fikrincə, əminliklə demək olar ki, bu sahədə əhəmiyyətli nəticələr əldə edilib.
Onun sözlərinə görə, ölkə müstəqilliyini bərpa etdikdən sonra bazar iqtisadiyyatına sürətli keçid, davamlı sabitlik və inkişaf təmin edilib, eləcə də yoxsulluğun səviyyəsi azaldılıb:
"Ölkəmizin timsalında təbii resursların rasional istifadəsi üzrə yeni maraqlı təcrübə formalaşdırılıb. İlham Əliyevin rəhbərliyi altında son 10 il ərzində ölkənin iqtisadiyyatı 3 dəfədən çox artıb. Paritet qiymətlər üzrə adambaşına düşən gəlirlərin səviyyəsi 10 min dollara çatıb. Artıq 15 ildir ki, ölkədə iqtisadi sabitlik təmin edilir və dəstəklənir. Tarazlaşdırılmış büdcə, aşağı səviyyəli xarici borc, aşağı inflyasiya və valyuta ehtiyatlarının yüksək həcmləri bu sabitliyin əsasını təşkil edir".
Onun sözlərinə görə, ölkənin ÜDM üzrə xarici borcunun xüsusi çəkisi 8 faiz təşkil edir. Azərbasycanın xarici valyuta ehtiyatları ÜDM-nin 70 faizini üstələyir.
Rüstəmov qeyd edib ki, bu gün də bir çox ölkələr üçün xarakterik olan yoxsulluq problemi bir onillik ərzində həll edilərək 8 dəfə azaldılmaqla 6 faizə endirilib. Azərbaycanda yoxsulluğun səviyyəsi 21 faiz təşkil edən qlobal göstəricidən təqribən 4 dəfə azdır:
"Azərbaycan neft gəlirlərinin ağıllı şəkildə bölüşdürülməsi nümunəsini göstərən azsaylı ölkələrdən biridir. "Holland sindromu"ndan yan keçmək məqsədi ilə Dövlət Neft Fondu yaradılıb. Neft gəlirlərini səmərəli idarəetmə iqtisadiyyatın əhəmiyyətli dərəcədə artması ilə ahənglik təşkil edir. Bu proses şəffaf aparılır".
Onun sözlərinə görə, ölkənin sabit inkişafı səmərəli antiböhran strategiyası sayəsində böhran illərində də davam edib. Onun sayəsində Azərbaycan öz iqtisadiyyatını 2008-2010-cu illərin maliyyə böhranından qoruyaraq inflyasiyanı aşağı səviyyədə saxlaya bildi. Bununla belə iqtisadiyyat 20 faiz səviyyəsində artım nümayiş etdirdi.