Azərbaycan, Qəbələ, 25 may /Trend/
2012-ci ildə Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 20,6% artıb. Hazırda Azərbaycanda 2000-dən artıq Türkiyə şirkəti, Türkiyədə isə 1100-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Trend-in məlumatına görə, bu barədə Qəbələdə keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.
Mustafayev qeyd edib ki, Azərbaycandakı xarici şirkətlərin 36%-ni Türkiyə şirkətləri təşkil edir ki, bu göstəriciyə görə Türkiyə birincidir.
Nazirin sözlərinə görə, Türkiyə şirkətləri Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən layihələrdə podratçı və subpodratçı qismində də iştirak edirlər.
Azərbaycanda əsas kapitala türk şirkətləri tərəfindən 2,1 mlrd. ABŞ dolları həcmində sərmayə qoyulduğunu qeyd edən nazir Şahin Mustafayev bu vəsaitin 1,5 mlrd. dollarının qeyri-neft sektoruna yönəldildiyini vurğulayıb: "Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə birinci yeri tutur. Təkcə ARDNŞ tərəfindən Türkiyəyə 2018-ci ilədək 17 mlrd. ABŞ dolları həcmində investisiya yatırılacaq".