...

İsmət Abasov: 2013-cü ilin nəticələrinə görə kənd təsərrüfatının ümumi məhsulunun artımının təxminən 6-7 faiz olacağı gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2013 01:23 (UTC +04:00)
2003-2013-cü illərdə ölkəmizin kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən birbaşa dəstək, o cümlədən yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, mineral gübrələrə, toxum və tinglərə görə 587 milyon 170 min manat subsidiya, eləcə də “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə onun fəaliyyət göstərməsi üçün kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların, mineral gübrələrin, damazlıq heyvanların alınması və Cəmiyyətin maddi-texniki bazasının yaxşılaşdırılması üzrə ayrılmış 427 milyon 100 min manat vəsait, güzəştli kreditlər və digər dövlət dəstəyi sayəsində 2012-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 4 milyard 844 milyon 600 min manat təşkil etmişdir.
İsmət Abasov: 2013-cü ilin nəticələrinə görə kənd təsərrüfatının ümumi məhsulunun artımının təxminən 6-7 faiz olacağı gözlənilir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 iyul /Trend/

2003-2013-cü illərdə ölkəmizin kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən birbaşa dəstək, o cümlədən yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, mineral gübrələrə, toxum və tinglərə görə 587 milyon 170 min manat subsidiya, eləcə də "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə onun fəaliyyət göstərməsi üçün kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların, mineral gübrələrin, damazlıq heyvanların alınması və Cəmiyyətin maddi-texniki bazasının yaxşılaşdırılması üzrə ayrılmış 427 milyon 100 min manat vəsait, güzəştli kreditlər və digər dövlət dəstəyi sayəsində 2012-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 4 milyard 844 milyon 600 min manat təşkil etmişdir. Trend-in məlumatına görə, bunu iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Nazir bildirib ki, ölkəmizin əsasən kənd ərazilərində yoxsulluqla mübarizə sahəsində əldə etdiyi uğurlarla əlaqədar olaraq, 2013-cü ilin iyun ayında Roma şəhərində keçirilmiş BMT-nin Ərzaq və Kənd Təsərrüfat Təşkilatının Konfransında bu təşkilatın mükafatına layiq görülmüşdür: "Bu mükafat 2000-ci ildə Nyu-York şəhərində keçirilmiş BMT-nin Baş Assambleyasında qəbul olunmuş Minilliyin İnkişaf Məqsədlərindən birincisi olan 2015-ci ilədək "aclığın yarıya qədər azaldılması"na və 1996-cı ildə Romada keçirilmiş Dünya Ərzaq Sammitində qəbul olunmuş 2015-ci ilədək "kifayət qədər qidalanmayan əhalinin yarıya qədər azaldılması" üzrə məqsədə vaxtından tez nail olması münasibətilə təltif edilmişdir. Mükafatın məqsədi yoxsulluqla mübarizədə radikal islahatlar həyata keçirmiş ölkələrin siyasi iradələrinin BMT tərəfindən etiraf edilməsi və yüksək qiymətləndirilməsindən ibarətdir.
Yoxsulluqla mübarizə sahəsində ölkəmizin əldə etdiyi bu nailiyyətlər, yoxsulluq səviyyəsinin 49 faizdən 6 faizədək azaldılması birmənalı olaraq məhz möhtərəm Prezident cənab İlham Əliyevin ölkə iqtisadiyyatının inkişafına bilavasitə göstərdiyi hərtərəfli qayğı və köməyin nəticəsidir".

Onun sözlərinə görə, cari ilin yanvar-iyun aylarında kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 2 milyard 122 milyon 995 min manat təşkil etmiş və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz, o cümlədən bitkiçilik sahəsində 4,5 faiz, heyvandarlıq sahəsində isə 5,1 faiz artmışdır. 2013-cü ilin nəticələrinə görə kənd təsərrüfatının ümumi məhsulunun artımının təxminən 6-7 faiz olacağı gözlənilir: "2013-cü ilin məhsulu üçün ölkə üzrə 1 milyon 33 min 200 hektar sahədə payızlıq və yazlıq dənli və dənli paxlalılar (qarğıdalı istisna olmaqla) becərilmişdir ki, onun da 690 min 816 hektarını və ya 67 faizini buğda təşkil edir. 2013-cü il iyulun 15-i tarixinə 905 min 80 hektarda və ya ümumi sahənin 88 faizində biçin aparılmışdır. Biçilmiş sahələrdən 2 milyon 408 min 191 ton dənli və dənli paxlalıların məhsulu yığılmış və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz çox məhsul istehsal edilmişdir ki, onun da 1 milyon 612 min 644 tonunu buğda təşkil etmişdir. Cari ilin sonuna 2 milyon 900 min tondan çox taxıl istehsalı gözlənilir ki, bu da keçən ildəkindən təxminən 100 min ton çoxdur".

Abasov çıxışında deyib ki, əhalinin qida rasionunda vacib əhəmiyyətə malik olan meyvə, tərəvəz, kartof və digər məhsulların istehsalında da müsbət dinamika müşahidə olunmuşdur: "Belə ki, 2013-cü ilin 1 iyul vəziyyətinə, ötən ilin müvafiq dövrünə nisbətən meyvə istehsalı 12,1 faiz, kartof istehsalı 11,8 faiz, tərəvəz istehsalı 8,8 faiz, yaşıl çay yarpağı istehsalı 4 faiz artmışdır. Bu da öz növbəsində əhalinin əsas kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə öz müsbət töhfəsini verməklə yanaşı, ixrac potensialını da artırmışdır.
Ölkədə üzüm və şərab sektorunun uzunmüddətli inkişafını təmin etmək məqsədilə ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın hədəflərinə nail olmaq üçün göstərilən dövlət dəstəyi ilə yanaşı, üzüm sortlarının yaxşılaşdırılması, üzüm genofondunun və müxtəlifliyinin qorunub saxlanması, üzüm və şərab məhsullarının rəqabət qabiliyyətliliyinin artırılması, bu sahənin elm və kadr təminatının gücləndirilməsi məqsədilə beynəlxalq inteqrasiya istiqamətində müxtəlif işlər görülmüşdür. Azərbaycan Respublikası 2013-cü ilin iyun ayında Beynəlxalq Üzüm və Şərab Təşkilatına üzv seçilmişdir".

Nazirin bildirdiyinə görə, hesabat dövründə bitkiçilik sahəsi ilə yanaşı, heyvandarlıq sahəsində də həyata keçirilmiş kompleks tədbirlər nəticəsində cari ilin yanvar-iyun aylarında keçən ilin müvafiq dövrünə nisbətən ət istehsalı diri çəkidə 3,2 faiz, süd istehsalı 6,6 faiz, yumurta istehsalı 14,2 faiz, yun istehsalı 2,6 faiz artmısdır: "Cari ildə məhsul yığımı mövsümü zamanı yaranmış müəyyən texnika çatışmazlığı ilə əlaqədar dövlət başçısının 2013-cü il 4 iyul tarixli Sərəncamı ilə ölkənin taxılyığan kombaynlara olan ehtiyacını təmin etmək məqsədilə Prezidentin ehtiyat fondundan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat vəsaitin ayrılmasını xüsusi vurğulamaq istəyir, bu dəstəyin Azərbaycan Respublikası Prezidentinin ölkəmizin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, fermerlərin və kəndli sahibkarların fəaliyyətinə yüksək qayğısı kimi qiymətləndirir və bütün fermerlər adından, cənab Prezident, Sizə öz dərin təşəkkürümü bildirirəm. Diqqətinizə çatdırmaq istərdim ki, qeyd olunan vəsait hesabına 150 ədəd Finlandiya istehsalı olan müasir "Sampo" markalı taxılyığan kombayn Azərbaycana gətiriləcəkdir.
Dövlətimizin başçısının "Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı ilə Prezidentin ehtiyat fondundan 2013-cü il üçün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 9 milyon 200 min manat vəsait və Cəmiyyətin 1 milyon 850 min manat təkrar istifadə vəsaiti hesabına Fransadan və Macarıstandan alınması nəzərdə tutulan 4300 baş damazlıq heyvandan 1284 başı bu il iyulun 15-dək ölkəyə gətirilərək 50 faiz güzəştlə üç il müddətinə lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Qalan 3016 baş heyvan isə sentyabr ayından etibarən Azərbaycana gətiriləcəkdir".

Onun sözlərinə görə, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin 2013-cü ildə 1648 kənd təsərrüfatı texnikası, o cümlədən 1000 taxılyığan kombayn, 394 traktor, 4 qarğıdalıbiçən xeyder və 1150 qoşqu avadanlığı ölkəmizə gətirilərək kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilmişdir. Bununla yanaşı, Cəmiyyət tərəfindən məhsul istehsalçılarının gübrələrə olan tələbatı müəyyənləşdirilməklə, cari ildə bu məqsədlər üçün nəzərdə tutulmuş 4 milyon 700 min manat büdcə və təkrar istifadə vəsaitləri hesabına 13 milyon 180 min manat dəyərində 30 min ton ammonium nitrat gübrəsinin alınması üçün müvafiq tədbirlər görülmüş və 2013-cü ildə 8200 ton ammonium nitrat gübrəsinin ölkəmizə gətirilməsi təmin edilmişdir. Hesabat dövründə gətirilmiş və Cəmiyyətin bazasında keçən il alınan 47 min ton gübrələr hesabına 2013-cü il iyulun 1-dək kənd təsərrüfatı məhsulları istehsalçılarına 54 min ton müxtəlif gübrələrin güzəştli şərtlərlə satışı təmin edilmişdir.

Nazir bildirib ki, aqrar sahənin müxtəlif istehsal vasitələri ilə təminatı ilə yanaşı, digər prioritet məsələ özünütəminat, natural tipli təsərrüfatçılıqdan rəqabətqabiliyyətli və kommersiya tipli təsərrüfatlara keçidin asanlaşdırılması məqsədilə könüllülük prinsipi əsasında torpaqların konsolidasiyası vasitəsilə iri fermer təsərrüfatlarının yaradılmasıdır. Bu prosesin dövlət tərəfindən müxtəlif stimullaşdırıcı vasitələrlə dəstəklənməsi hazırda Azərbaycanda mövcud olan kiçik həcmli pərakəndə torpaq mülkiyyətçilərinin tədricən aradan qaldırılmasına və istehsalın artırılmasına xidmət etmiş olar. Buna əyani misal olaraq cənab Prezidentin tapşırığı ilə Beyləqan və Ağcabədi rayonlarında yeni yaradılmış iri fermer təsərrüfatını göstərmək olar ki, bu təsərrüfatda hər hektardan orta hesabla 54 sentner taxıl məhsulu əldə olunmuşdur: "Ölkəmizin ərazisinin transsərhəd səciyyəli heyvan və bitki xəstəliklərindən mühafizəsi üzrə tədbirlər cari ildə də davam etdirilmişdir. Təhlükəli heyvan xəstəlikləri hesab olunan qarayara, dabaq, quduzluq, quş qripi, brusellyoz və bu kimi digər xəstəliklərə qarşı aparılmış peyvəndləmə və profilaktika işləri nəticəsində ölkədə epizootik vəziyyət qorunub saxlanmışdır. Cari ilin may ayında Fransada keçirilmiş Dünya Heyvan Sağlamlığı Təşkilatının Assambleyası zamanı bu təşkilatın rəhbərliyi Azərbaycanda epizootik durumun qənaətbəxş olduğunu bildirmişdir.
Bitkilərin, əsasən də meyvə bağlarının, taxılın, tərəvəzin ziyanvericilərdən mühafizə edilməsi və ümumilikdə ölkədə fitosanitar sabitliyin qorunub saxlanması məqsədilə mübarizə tədbirləri həyata keçirilmiş, dərman preparatları ilə təminatı yaxşılaşdırılmış və zərərvericilərin yayılma arealı xeyli azalmışdır".

Xəbər lenti

Xəbər lenti