Azərbaycan, Bakı, 29 iyul /Trend/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Unileasing" QSC-nin 4 milyon manat həcmində faizli, təmin edilməmiş, adlı, sənədsiz istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
Bakı Fond Birjasından (BFB) bazar ertəsi Trend-ə verilən məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 4000 istiqraz buraxılıb. İstiqrazların tədavül müddəti illik 10,5 faiz gəlirliliklə və faizlərin ödəniş dövrünün rübdə bir dəfə olması ilə 1 ildir.
Yerləşdirmənin anderrayteri qismində "Unicapital" ASC çıxış edir.
İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik təşkilata müraciət edə bilər.