...

Azərbaycan ixrac və sərhəd nəzarəti sahəsində ABŞ-ın təcrübəsini öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2013 22:38 (UTC +04:00)
ABŞ-ın Dövlət Departamentinin İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycanın ixrac nəzarəti və sərhəd təhlükəsizliyi sahəsində məsul aidiyyəti qurumlarının nümayəndələri üçün Vaşinqton, Çarleston və Buffalo şəhərlərində bir sıra tədbirlər keçirilib.
Azərbaycan ixrac və sərhəd nəzarəti sahəsində ABŞ-ın təcrübəsini öyrənir

Azərbaycan, Bakı, 2 avqust /Trend/

ABŞ-ın Dövlət Departamentinin İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycanın ixrac nəzarəti və sərhəd təhlükəsizliyi sahəsində məsul aidiyyəti qurumlarının nümayəndələri üçün Vaşinqton, Çarleston və Buffalo şəhərlərində bir sıra tədbirlər keçirilib.

Trend Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir ki, Azərbaycanın Nazirlər Kabineti, Müdafiə, Xarici İşlər və Fövqəladə Hallar nazirlikləri və Dövlət Sərhəd Xidməti nümayəndələrinin qatıldığı həmin tədbirlərdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev də iştirak edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ABŞ-ın Dövlət Departamenti, Ticarət Departamenti, Gömrük və Sərhəd Mühafizə Xidmətinin nümayəndələri ilə görüşüb.

Dövlət Departamentində Azərbaycan nümayəndə heyəti ilkin olaraq Beynəlxalq Təhlükəsizlik və Yayılmama Bürosunun İxrac Nəzarəti Ofisinin direktoru xanım Elizabet Rud, həmçinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz və Regional Münaqişələr üzrə Ofisinin direktoru Castin Fridman ilə görüşüb. C.Fridman Azərbaycan və ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edərək, ixrac nəzarəti məsələləri üzrə Azərbaycan və ABŞ-ın tərəfdaşlıq münasibətlərinə malik olduğunu və İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində səmərəli əməkdaşlıq edildiyini bildirib. O, həmçinin bu səfərin ixrac və sərhəd nəzarəti sahəsində ABŞ təcrübəsi ilə yaxından tanışlıq üçün əlverişli imkan yaradacağına ümidvar olduğunu qeyd edib.

Sonra xanım Elizabet Rud ABŞ ixrac nəzarəti sistemi barədə təqdimatla çıxış edib. Təqdimat zamanı qeyd olunub ki, 1999-cu ildən başlayaraq Azərbaycan və ABŞ Dövlət Departamentinin İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində əməkdaşlıq həyata keçirilir. Bu illər ərzində proqram çərçivəsində Azərbaycan tərəfinə yardımın əsasən avadanlıqların verilməsi və heyət üçün təlimlərin təşkili vasitəsilə həyata keçirildiyi bildirilib.

Öz növbəsində, Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev çıxış edərək Azərbaycanda ixrac nəzarəti sistemi sahəsində əldə olunmuş nailiyyətlər barədə qarşı tərəfə məlumat verib.

Daha sonra ABŞ-ın "LATA" özəl təşkilatının nümayəndəsi Riçard Yunq "Strateji ticarətə nəzarət və qabaqcıl təcrübələr" mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı ixrac və sərhəd nəzarəti sahəsində mövcud tendensiyalar, çoxtərəfli ixrac nəzarəti rejimləri və bu sahədə qabaqcıl təcrübələr barədə tədbir iştirakçılarına məlumat verilib.

Bundan əlavə, ABŞ Daxili Təhlükəsizlik Departamentinin Gömrük və Sərhəd Mühafizə Xidmətində də görüşlər keçirilib. Tədbirdə bu qurumun ABŞ-ın 400-ə yaxın qanunundan irəli gələn tələblərin yerinə yetirilməsinə məsul orqan olaraq, ölkə ərazisinə gələn şəxslərin pasportlarının yoxlanılmasını, idxal-ixrac yüklərinə gömrük nəzarətini həyata keçirdiyini və müvafiq obyektlərin aşkarlanması üçün mal və nəqliyyat vasitələrini müəyyən müddətdə saxlamaq, həmçinin nəqliyyat vasitələri və şəxslər üzərində yoxlamalar aparmaq səlahiyyətinə malik olduğu bildirilib.

Görüşdə Gömrük və Sərhəd Mühafizə Xidmətinin əməkdaşları Maykl Teylor, Kvintin Klark və Corc Dorada tərəfindən sözügedən xidmətin fəaliyyətinə, ixrac nəzarəti prosedurlarına və "CTPAT" sisteminə dair təqdimatlar keçirilib.

Tədbir zamanı sədr müavini Ə.Abdullayev Azərbaycan Dövlət Gömrük Komitəsinin Hədəf Mərkəzi və burada tətbiq olunan qabaqcıl təcrübə, həmçinin prosedurlar haqqında qarşı tərəfi məlumatlandırıb.

Eyni zamanda, nümayəndə heyəti ABŞ-ın ən böyük dəniz limanlarından birinin yerləşdiyi və azad ticarət zonasına malik Çarleston şəhərinə səfər edib. Burada Azərbaycan nümayəndə heyəti Çarleston limanının rəhbəri Robert Fencel və onun müavinləri Brenda Gibson və Yohan Foq ilə görüş keçirib. R.Fencel rəhbəri olduğu limanın ABŞ ticarət sistemində rolu, burada tətbiq olunan qaydalar və qabaqcıl təcrübələr barədə nümayəndə heyətinə məlumat verib. Görüş zamanı daşıyıcıların limana çatmazdan öncə mallar haqqında məlumatları 24 saat əvvəl təqdim etməli olduqları və məlumat mübadiləsinin vahid mərkəzləşdirilmiş sistem əsasında, eyni zamanda, aidiyyəti strukturların əməliyyatçılarının yerləşdiyi müvafiq bölmə çərçivəsində aparıldığı bildirilib.

Bundan başqa, nümayəndə heyəti müvafiq əməliyyatlarla praktiki tanışlıq üçün Çarleston Yükləmə Stansiyası və Yük Terminalına səfər edib. Sözügedən qurumlarda fiziki müdaxilə edilmədən nəzarətə imkan verən texnoloji vasitələrə dair nümayəndə heyətinə məlumat verilib, habelə X-Ray aparatı ilə təchiz edilmiş "VACIS" maşınları ilə yoxlamanın hansı şəkildə təşkil edildiyi nümayiş olunub. Çarlestonda olan azad ticarət zonası və belə zonaların səmərəliliyi, həmçinin burada tətbiq olunan təcrübələrə dair ABŞ tərəfinin yanaşması haqqında məlumat da iştirakçıların diqqətinə çatdırılıb.

Azərbaycan nümayəndə heyəti Buffalo şəhərində ABŞ-Kanada quru sərhədinə də səfər edib. Buradakı sərhəd-gömrük buraxılış məntəqəsində gömrük nəzarətinin təşkili, yük və yüngül minik avtomobillərinin sənədlərinin yoxlanılması və rəsmiləşdirilməsi, avtobuslarla hərəkət edən sərnişinlər və onların yükləri üzərində gömrük nəzarəti qaydaları, pasportların yoxlanılması, xüsusi təlim keçmiş itlərlə axtarışların aparılması və digər məsələlər üzrə prosedurlar və avadanlıqlar əyani şəkildə iştirakçılara nümayiş etdirilib.

Sonda isə nümayəndə heyəti üçün ABŞ Daxili Təhlükəsizlik Departamentində brifinq keçirilib və tədbir iştirakçılarına qaçaqmalçılıq subyektlərinin aşkarlanması və araşdırma prosedurları, eləcə də təhqiqat aparan strukturun fəaliyyəti barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti