Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir E. Əliyev/
Sentyabrın 20-də Goranboyda "İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər" mövzusunda tədbir keçirilib. Aidiyyəti dövlət qurumlarının, Goranboy və ətraf rayonların icra hakimiyyətlərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirak etdiyi tədbirə 100-ə yaxın sahibkar qatılıb. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin yaydığı xəbərdə deyilir.
Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri tərəfindən nazirliyin göstərdiyi elektron xidmətlər və onlardan istifadə qaydaları barədə məlumat verilib. Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev bildirib ki, hazırda nazirlik tərəfindən 7 istiqamətdə interaktiv, 9 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir.
Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılıb. Bu bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib. Elektron xidmətlər bölməsi sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini on-line rejimində həyata keçirməyə də imkan verir.
Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır. Eyni zamanda, cərimə və maliyyə sanksiyalarının on-line rejimində elektron qaydada ödənilməsi üçün imkanlar yaradılıb. Bütün bunlarla yanaşı, İqtisadi İnkişaf Nazirliyi tərəfindən vətəndaşlara elektron informasiya resursları vasitəsilə on-line rejimində qəbula yazılma, müraciətlərin on-line rejimdə qəbulu və cavablandırılması, Nazirliyin məsul işçiləri ilə canlı video əlaqənin qurulması, on-line rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), icazələrin elektron informasiya portalı - www.icazeler.gov.az, elektron ticarət portalı - www.b2b.az, nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlər göstərilir.
Nazirliyin Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin əməkdaşı Elnur Abbasov Avropa İttifaqı bazarına Azərbaycandan ixracın asanlaşdırılması məqsədilə yaradılmış İxracata Yardım Xidmət Mərkəzinin internet səhifəsi, bu səhifədən istifadə qaydaları və portalın faydası barədə sahibkarları məlumatlandırıb.
Tədbirdə əyani olaraq lisenziyaların alınması, qrant müqavilələrinin qeydiyyatı, mənşə sertifikatının verilməsi, cərimələrin və maliyyə sanksiyalarının ödənilməsi, vətəndaşların qəbulu və s. xidmətlərdən on-line rejimində istifadə proseduru nümayiş etdirilib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi elektron xidmətlərin tətbiqinin səmərəliliyin yüksəlməsinə, sahibkarlar və icra strukturları arasında əlaqələrin keyfiyyətinin yaxşılaşmasına, operativliyin və şəffaflığın təmin olunmasına imkan yaratdığını bildirib, elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlərin əhəmiyyətini qeyd ediblər.