Azərbaycan, Bakı, 24 sentyabr /Trend/
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən elektron əmlak idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı, daşınmaz əmlak üzrə ipotekanın və lizinqin təşkili, müsadirə olunmuş, dövlətin mülkiyyətinə keçmiş əmlakların və nəqliyyat vasitələrinin elektron hərraclar vasitəsi ilə satışı, dövlət əmlakının səmərəli idarəçiliyinin təşkili və s. istiqamətlər üzrə 15 elektron xidmət təsdiq edilib. Bu barədə Trend-ə çərşənbə axşamı komitədən dxil olan məlumatda deyilir.
Bildirilir ki, vətəndaşların və hüquqi şəxslərin bu elektron xidmətlərdən şəffaf və rahat istifadə edə bilmələri üçün həmin xidmətləri vahid məkanda cəmləyən www.e-emdk.gov.az portalı istifadəyə verilib.
"Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 05 fevral tarixli Fərmanın icrası ilə bağlı komitənin fəaliyyət istiqamətləri üzrə göstərilən 4 interaktiv və 3 informativ tipli elektron xidmətin "Elektron hökumət" portalına (www.e-gov.az) inteqrasiyası və kmitənin fəaliyyət istiqamətləri üzrə təsdiq edilmiş 15 elektron xidmətlərin "Elektron xidmətlər reyestri"ndə qeydə alınması işləri görülüb.
Ümumilikdə 2013-cü ilin oktyabr ayınadək komitə tərəfindən göstərilən "Daşınmaz Əmlakın Dövlət Reyestrindən məlumatların verilməsi üçün müraciətin və sənədlərin qəbulu", "Daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu", "Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların satışı" elektron xidmətləri üzrə 6000-dən çox müraciət daxil olub.
Məlumatda bildirilir ki, kmitənin fəaliyyət istiqamətləri üzrə yeni elektron xidmətlərin vətəndaşların və hüququ şəxlərin istifadəsinə verilməsi istiqamətində davamlı olaraq işlər görüləcəkdir.