...

Azərbaycan MDB-də pensiyaların artım dinamikasına görə ilk yerdə qərarlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2013 18:29 (UTC +04:00)
Azərbaycanda həyata keçirilən pensiya islahatları nəticəsində pensiyalarının artırılması mexanizminin müasir əsaslarla yenidən qurulması, yəni pensiyaların baza hissəsinin bütün pensiyaçılar üçün eyni vaxtda artırılması, sığorta hissəsinin isə infilyasiya həddində indeksləşdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə imkan verib.
Azərbaycan MDB-də pensiyaların artım dinamikasına görə ilk yerdə qərarlaşıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Azərbaycanda həyata keçirilən pensiya islahatları nəticəsində pensiyalarının artırılması mexanizminin müasir əsaslarla yenidən qurulması, yəni pensiyaların baza hissəsinin bütün pensiyaçılar üçün eyni vaxtda artırılması, sığorta hissəsinin isə infilyasiya həddində indeksləşdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə imkan verib.

Dövlət Sosial Müdafiə Fondundan Trend-ə verilən məlumata görə, yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən indiyədək Azərbaycan Prezidenti tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması ilə bağlı 8, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 7 sərəncam verilib. Sonuncu belə sərəncamla pensiyasının baza hissəsi cari ilin sentyabr ayının 1-dən 17,6 faiz artırılaraq 100 manata çatdırılıb.

Beləliklə, sentyabr ayının 1-dən Azərbaycanda əmək pensiyalarının baza hissəsi 128 ABŞ dolları təşkil edib ki, bu da MDB məkanında 3-cü (Qazaxıstan (185 dollar) və Belarusdan (129 dollar) sonra) göstəricidir. Bu məbləğ Rusiyada 109,3, Ukraynada isə 111,8 dollar təşkil edir.

2003-cü ilin əvvəli ilə müqayisədə əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə artaraq 18,4 manatdan 170 manata (217 dollar), minimum məbləği 7,1 dəfə artaraq 14 manatdan 100 manata (128 dollar), yaşa görə pensiyalar (orta aylıq məbləğ 190 manat və ya 243 dolları) üzrə əvəzetmə əmsalı 29,3 faizdən 45 faizə çatdırılıb.

Bu artım dinamikası MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır və bu artım dinamikası üzrə ikinci yerdə qərarlaşmış Qazaxıstanda aparılan pensiya artımlarından 1,4 dəfə yuxarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti