Azərbaycan, Bakı, 25 oktyabr /Trend/
Vergilər naziri Fazil Məmmədov İsmayıllı şəhərində vətəndaşları qəbul edib.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə kömək göstərirlər. Növbəti belə qəbul oktyabr ayının 25-də İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İsmayıllı, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşlarla keçirilib.
50-dən çox vətəndaş vergi ödəyicilərinə göstərilən xidmətlər, vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və onları narahat edən digər məsələlərlə bağlı vergilər nazirinə müraciət ediblər.
Qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, digər məsələlərin isə araşdırılması və lazımi tədbirlər görülməsi barədə müvafiq tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldırdıqlarını bildiriblər.