...

Ukrayna Baş nazirinin müavini: Azərbaycanla enerji sahəsində əməkdaşlıq üzrə müsbət dinamika müşahidə edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2013 18:45 (UTC +04:00)
İqtisadi əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan hökumətlərarası komissiyasının Kiyevdə keçirilən X iclasında iki ölkənin əməkdaşlığı məsələlərinin geniş spektri müzakirə edilib.
Ukrayna Baş nazirinin müavini: Azərbaycanla enerji sahəsində əməkdaşlıq üzrə müsbət dinamika müşahidə edilir

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

İqtisadi əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan hökumətlərarası komissiyasının Kiyevdə keçirilən X iclasında iki ölkənin əməkdaşlığı məsələlərinin geniş spektri müzakirə edilib. Trend-in cümə axşamı "Ukrinform"a istinadən verdiyi məlumata görə, iclasda enerji sahəsinə xüsusi diqqət yetirilib.

Ukrayna Baş nazirinin müavini Konstantin Qrişenko komissiyanın iclası başa çatdıqdan sonra keçirilən brifinqdə deyib ki, enerji sahəsində əməkdaşlıq məsələləri daha ətraflı müzakirə olunub: "Bu elə mövzudur ki, peşəkar səviyyədə dərindən öyrənmək lazımdır".

Onun sözlərinə görə, tərəflər yaxın vaxtlarda görülməli olan tədbirlərin bir sıra aspekt və planlarını təhlil ediblər: "Məqsəd enerji sahəsində əməkdaşlığın strateji perspektiv səviyyəsinə yüksəlməsidir".

Baş nazirin müavini bildirib ki, bu məsələləri birdən-birə ayrıca qərarla həll etmək mümkün deyil: "Nəzərə alınası bir sıra faktorlar mövcuddur. Ən əsası odur ki, burada belə planların həyata keçirilməsinin müsbət dinamikası və real perspektivi var. Tərəflər bu məsələdə tam razıdırlar".

Azərbaycan neftinin Ukraynaya tədarük perspektivləri məsələsi ilə bağlı jurnalistlərin suallarına cavab verən Baş nazirin müavini bildirib ki, bu mövzu ətrafında konkret danışıqlar aparıblar: "Bu danışıqlar, real faktorlar və müəyyən çağırış və problemləri həll etsək, yaranacaq imkanlara əsaslanır".

O, həmçinin bildirib ki, komissiyanın belə iclasları mütəmadi keçirilir: "Xüsusilə bu görüşdə məsələlərin geniş spektri müzakirə edilib. Enerji sahəsindən başqa, söhbət Azərbaycanda iri infrastruktur layihələrin reallaşdırılmasından, nəqliyyat, kosmik sahədə rabitə və qarşılıqlı əlaqə məsələlərindən gedib".

Qeyd edək ki, Azərbaycan Baş nazirinin müavini Eyyub Yaqubovun rəhbərliyi ilə hökumət nümayəndə heyəti iclasda iştirak etmək üçün Kiyevdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti