...

Xaçmazda "Aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər" mövzusunda tədbir keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2013 18:46 (UTC +04:00)
Bu gün Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər” mövzusunda tədbir keçirilib.
Xaçmazda "Aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər" mövzusunda tədbir keçirilib

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Bu gün Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə "Aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər" mövzusunda tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin regionda fəaliyyət göstərən 300-ə yaxın sahibkar iştirak edib.

Tədbir çərçivəsində Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin foyesində sərgi təşkil olunub. Sərgidə müxtəlif yerli alma sortları, regionda istehsal olunan müxtəlif məhsullar, o cümlədən kompot, mürəbbə, tərəvəz marinadları və s., eləcə də Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan inzibati rayonlarla bağlı kitablar nümayiş etdirilib.

Tədbirdə çıxış edən nazir müavini Niyazi Səfərov Azərbaycan Prezidenti İlham Əliyevin regionların inkişafına böyük diqqət və qayğı göstərdiyini vurğulayıb, regionların tarazlı inkişafının təmin olunmasında dövlət proqramlarının uğurlu icrasının xüsusi əhəmiyyətini qeyd edib. Bildirilib ki, hazırda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası uğurla davam etdirilir, yeni müəssisələr və iş yerləri açılır, müasir infrastruktur yaradılır.

Qeyd edilib ki, dövlət başçısının sədrliyi ilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Dövlət Proqramında nəzərdə tutulmuş bütün məsələlərin həlli, infrastruktur layihələrinin davam etdirilməsi, sənayeləşmə, regionlarda sahibkarlığın inkişafı, kənd təsərrüfatının intensiv inkişafının təmin edilməsi, aqrar sahədə yeni texnologiyaların tətbiqi, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, özəl bölmənin inkişafı, sahibkarlığın məsləhət və informasiya təminatının gücləndirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrasını təmin etmək məqsədilə ölkənin bütün iqtisadi rayonlarında tədbirlər keçirilir. Həmçinin diqqətə çatdırılıb ki, ölkəmizdə, o cümlədən Quba-Xaçmaz iqtisadi rayonunda aqrar-sənaye inkişaf edir və beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətli aqrar sənaye məhsulları istehsal edən müəssisələr mövcuddur və onların sayı davamlı olaraq artır. Bu ilin oktyabr ayında Quba rayonunda keçirilmiş "Alma bayramı"nda və hazırda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin foyesində təşkil olunmuş sərgidə nümayiş olunan yüksək keyfiyyətli müxtəlif növ yerli alma və almadan hazırlanmış emal məhsulları bunun əyani göstəricisidir. Bununla belə, ölkəmizin təbii-iqlim şəraitinə uyğun olan milli alma sortlarının qorunması, məhsuldar alma sortlarının yetişdirilməsi, alma və almadan hazırlanan məhsulların daxili bazarı təmin etməklə yanaşı, xarici ölkələrə ixrac imkanları artır.

Tədbirdə aqrar-sənayenin inkişafı, istehsal olunan məhsulların rəqabət qabiliyyətliyinin artırılması istiqamətində tədbirlərin davam etdirildiyi və bu sahədə sahibkarlara hər cür dəstək göstərildiyi xüsusi vurğulanıb.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Akif Mərdanov dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, digər şəhər və rayonlarda olduğu kimi, Xaçmazın da sürətlə inkişaf etdiyini, şəhərdə yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd edib. Bildirilib ki, Xaçmaz və ətraf rayonların təbii-iqlim şəraiti meyvə istehsalının artırılmasına, əhalinin müxtəlif çeşidli, yüksək keyfiyyətli meyvə sortlarına, emal müəssisələrinin isə xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir. Bu isə öz növbəsində alma və digər meyvə məhsullarının ixracının artırılmasına şərait yaradır.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş məsləhətçisi Faiq Səmədov, Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor müavini Rofət Hüseynəliyev çıxışlarında Azərbaycanda özəl bölmənin inkişafına göstərilən diqqət və qayğı, sahibkarlara dövlət dəstəyi mexanizmləri, aqrar sənayenin hazırkı vəziyyəti, elmi təminat və kadr potensialının gücləndirilməsi, ölkədə istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanları, sahibkarların maarifləndirilməsi tədbirləri barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti