Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir E.İsmayılov/
Türkiyədə güclü qar yağması səbəbindən Bakı və İstanbul arasında bütün aviareyslərin həyata keçirilməsi 1-2 saat gecikir. Bu barədə çərşənbə günü Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.
Hava limanından qeyd ediblər ki, Bakıdan İstanbula və əks istiqamətdə aviareyslər 1-2 saat yubanır ki, bu da Türkiyə ərazisində müşahidə edilən əlverişsiz hava şəraiti ilə əlaqədardır.
Türkiyə KİV-in məlumatına görə, ölkədə pis hava şəraiti ilə əlaqədar olaraq təqribən 90 daxili və beynəlxalq aviareys təxirə salınıb.
Sinoptiklər əlverişsiz hava şəraitinin bu həftənin sonunadək davam edəcəyini proqnozlaşdırırlar.