Azərbaycan, Bakı, 9 yanvar /Trend/
2013-cü il ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 92 min 810 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, 24 min 915 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 6 min 213 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 3 min 167 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 6 min 772 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.
Operativ nəzarət tədbirləri zamanı 5 min 244 vergi ödəyicisi tərəfindən 3 min 371 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 2 min 423 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 727 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 17 min 170 ədəd mal olduğu aşkarlanıb.
Aşkar edilmiş faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.