...

Azərbaycan və Aİ arasında ərzaq təhlükəsizliyi sahəsində əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2014 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir xanım Madalena Mard ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşün əsas məqsədi nazirliklə Aİ arasında birgə əməkdaşlıq məsələləri və ərzaq məhsullarının təhlükəsizliyi sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi olub.

Nazir Azərbaycanın Avropaya daim inteqrasiya etdiyini qeyd edib, Avropa İttifaqı ilə Azərbaycan hökuməti arasında "Kənd təsərrüfatı və kənd ərazilərinin inkişafına dəstək Proqramı"nın (büdcəyə dəstək layihəsi) uğurla həyata keçirildiyini, bu layihənin cari ildə də davam etdirilməsinin məqsədəuyğun hesab etdiyini bildirib, Aİ ilə əlaqələrin sürətlə inkişaf etdiyini və konkret sahələrdə öz əksini tapdığını xüsusilə vurğulayıb. O, layihə çərçivəsində ötən il üçün nəzərdə tutulmuş fəaliyyətlərin ərzaq təminatı və baytarlıq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, Vahid Milli İstinad Laboratoriyasının yaradılması və regional baytarlıq laboratoriyaların bərpası, işçilərə təlim keçirilməsi, müvafiq akkreditasiyanın alınması, baytarlıq məntəqələrinin, sallaqxanaların və taxıl elevatorunun tikintisinə dəstək, kənd təsərrüfatı sahəsində müəllim və tələbələrin xaricdə təhsilinin təkmilləşdirilməsinin həyata keçirildiyini səfirin diqqətinə çatdırıb.

H.Əsədov gələcək əməkdaşlıq üçün prioritet hesab edilən sahələri, xüsusilə, aqrar sahədə xidmət sahələrinin özəlləşdirilməsi, struktur islahatların aparılması üzrə beynəlxalq ekspertlərin dəvət olunması, süni mayalanma sisteminin yenidən qurulması, peşə təhsili, ərzaq və qida təhlükəsizliyi, kənd təsərrüfatını elektronlaşdırılması və digər sahələr üzrə Avropa İttifaqı tərəfindən həm texniki, həm də büdcəyə dəstəyin olmasının vacibliyini bildirib.

M.Mard Aİ tərəfindən aqrar sahədə uzun illər ərzində layihələrin həyata keçirilməsini qeyd edib və gələcək üçün üç prioritet istiqamətdən birinin də kənd yerlərinin və regionların inkişafı olduğunu bildirib. Avropa İttifaqının Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı tərəfdaş olduğunu bildirən səfir birgə ərzaq və qida təhlükəsizliyi, sertifikatlaşma sahələrində birgə əməkdaşlığın davam etdirilə biləcəyini və bu məqsədlə işçi qurupunun yaradılmasının vacibliyini bildirib.

O, Azərbaycanda istehsal olunun kənd təsərrüfatı məhsullarının Avropa bazarına ixrac imkanlarının daha da genişlənəcəyinə ümidvar olduğunu söyləyib.

Xanım M.Mard fəaliyyəti dövründə Avropa İttifaqı ilə Azərbaycan arasında aqrar sahədə birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti