Azərbaycan, Bakı, 29 yanvar /Trend/
Gəncə Avtomobil Zavodu və Almaniyanın "Kirchhoff group"u arasında Azərbaycan müəssisəsində yığılan texnikanın üçüncü ölkələrə tədarükünə dair razılıq əldə olunub. Bu barədə Trend-ə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib.
Onun sözlərinə görə, razılaşma "Kirchhoff group"un baş icraçı direktoru Yohannes Kirhoffun və "FAUN Expotec GmbH" şirkətinin idarəedici direktoru Tim Kolletin Azərbaycana səfərinin yekunları üzrə əldə olunub. Almaniya şirkətlərinin rəhbərliyi Gəncə Avtomobil Zavodunun işi və müəssisənin inkişaf perspektivləri ilə tanış olublar.
X.Fətiyev qeyd edib ki, bu məqsədlə xüsusi qrup yaradılıb. Həmçinin "MAZ" avtomobilləri bazasında yığılan "Haller"in ("Kirchhoff group"a daxildir) kommunal və xüsusi texnikasının region ölkələrinə ixracının təşkili nəzərdə tutulur. 2014-cü ildə şirkət Gəncə Şəhər İcra Hakimiyyəti ilə imzalanmış müqavilə çərçivəsində 50 avtomobil tədarük etmək niyyətindədir.
Birliyin Müşahidə Şurasının sədri deyib ki, yaxın illərdə Gəncədə texnika istehsalının lokallaşdırılması əhəmiyyətli dərəcədə (60-70 faizədək) genişləndiriləcək.