Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir E.İsmayılov/
Nazirlər Kabineti "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Nizamnaməsini və strukturunu təsdiq edib. Trend-in məlumatına görə, bu barədə müvafiq qərar Nazirlər Kabinetinin rəsmi saytında dərc olunub.
Nizamnaməyə əsasən, QSC-nin bütün səhmləri dövlətə məxsusdur.
Cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi, 5, nizamnamə kapitalı isə 383 420 621 manatdır (hər birinin nominal dəyəri 1 manat olan 383 420 621 səhm).
Qurumun strukturuna QSC-nin tərkibinə daxil olan aparatlar, törəmə müəssisələr, hüquqi şəxslər, həmçinin filial və bölmələri daxildir.
QSC-nin törəmə müəssisələri Azərbaycan Dövlət Dəniz Akademiyası, "Dənizçi" yardımçı kənd təsərrüfatı müəssisəsi və Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi Tədqiqat İnstitutudur.
QSC-nin tabeliyindəki hüquqi şəxs statusuna malik olmayan təşkilatlar: Dəniz Nəqliyyat Donanması, Xəzər Dəniz Neft Donanması, "Bibiheybət" Gəmi Təmiri Zavodu, "Zığ" Gəmi Təmiri Zavodu, İstehsalat Xidmətləri İdarəsi və Sosial İnkişaf İdarəsi.
QSC-nin strukturuna, Türkiyə, Rusiya, Qazaxıstan, İran, Türkmənistan və Ukraynadakı nümayəndəlikləri də daxildir.