...

İsmayıllıda prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2014 12:49 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu İsmayıllı rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
İsmayıllıda prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanır

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Sahibkarlığa Kömək Milli Fondu İsmayıllı rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Fond 2014-cü il fevralın 13-də İsmayıllı rayonunun Təzəkənd kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən İsmayıllı rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistik mərkəzin yaradılması;
- müasir quşçuluq təsərrüfatının yaradılması;
- 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının yaradılması;
- intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının yaradılması;
- kiçik dulusçuluq müəssisəsinin yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172; telefon: (012) 434-74-29; faks: (012) 432-37-17; e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti