...

Aktauda Azərbaycanın Logistika Mərkəzinin təməli qoyulacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2014 15:22
Aktauda Azərbaycanın Logistik Mərkəzi yaradılır. Bu barədə Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Aktauda Azərbaycanın Logistika Mərkəzinin təməli qoyulacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Aktauda Azərbaycanın Logistik Mərkəzi yaradılır. Bu barədə Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanda mövcud olan əlverişli iqtisadi mühit, siyasi və makroiqtisadi sabitlik, davamlı inkişaf qarşılıqlı işgüzar əməkdaşlığa geniş imkanlar yaradır. Qeyd edək ki, son 10 ildə ÜDM 3.2 dəfə, qeyri-neft sektoru 2.6 dəfə, investisiya qoyuluşu 6.5 dəfə, dövlət büdcəsinin gəlirləri 16 dəfə, xarici ticarət dövriyyəsi 6.6 dəfə, ixrac 9.3 dəfə, strateji valyuta ehtiyatları 31.3 dəfə artıb.

Ölkəmizdə beynəlxalq əlaqələrin, eləcə də ikitərəfli əməkdaşlığın genişlənməsinə xüsusi önəm verilir.

Azərbaycanla dost Qazaxıstan arasında siyasi, iqtisadi və humanitar əlaqələr uğurla inkişaf edir, əməkdaşlığımız qarşılıqlı faydalı tərəfdaşlıq prinsiplərinə əsaslanır. Ölkələrimiz və xalqlarımız arasında tarixi dostluq və qardaşlıq münasibətləri inkişaf edir və daha da şaxələnir.

Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafında dövlət başçılarının mütəmadi görüşləri xüsusilə böyük əhəmiyyət kəsb edir. Siyasi əlaqələrimizin yüksək inkişaf səviyyəsi öz növbəsində iqtisadi əməkdaşlığımızın genişlənməsinə əlverişli şərait yaradır.

Bu gün əminliklə demək olar ki, ölkələrimiz arasında sənaye, ticarət, energetika, kənd təsərrüfatı, humanitar və mədəni sahələr üzrə əməkdaşlığın genişlənməsinə imkan yaradan möhkəm normativ hüquqi əsaslar mövcuddur. Belə ki, iki ölkə arasında müxtəlif sahələrdə 100-dən çox, o cümlədən iqtisadi sahədə 25 sənəd imzalanıb.

İqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ikitərəfli ticarət əlaqələri ildən-ilə genişlənir. 2013-cü ildə ölkələrimiz arasında xarici ticarət dövriyyəsi 371 mln. ABŞ dollarına yaxın olub. 2011-2013-cü illər ərzində Azərbaycan tərəfindən Qazaxıstana yatırılan birbaşa investisiyaların həcmi 132,8 mln. ABŞ dolları təşkil edib.

Prezident İlham Əliyevin ixracın şaxələndirilməsi və qeyri-neft məhsullarının ixracının artırılması barədə verdiyi tapşırıqlara uyğun olaraq, Aktauda yaradılacaq Logistik Mərkəz Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olmaqla, Azərbaycanda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarının ixrac imkanlarını daha da artıracaq.

İyunun 28-də "Aktau İstehsal və Logistika Mərkəzi"nin təməli qoyulacaq, tikintisinə start veriləcək. Bu məqsədlə keçiriləcək tədbirdə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

Qeyd edək ki, ötən il Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, "Azərsun Holdinq" şirkəti və Qazaxıstanın "Morport Aktau" Xüsusi İqtisadi Zonası" Səhmdar Cəmiyyəti arasında "Aktau İstehsal və Logistika Mərkəzi" layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb. Logistika Mərkəzinin inşası və idarə edilməsi "Azərsun Holdinq" tərəfindən həyata keçiriləcək.

Logistik Mərkəzin yaradılması hər iki ölkənin qeyri-neft sektorunun inkişafına, regionun tranzit və ixrac imkanlarının, ölkələrarası iqtisadi münasibətlərin daha da genişləndirilməsinə, ticarət dövriyyəsinin artmasına xidmət edəcək. Layihə Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin və regionda nəqliyyat infrastrukturunun inkişafı və beynəlxalq yük daşımalarının artırılması baxımından da əhəmiyyətli olacaq.

Bundan başqa, Logistik Mərkəzin təməlinin qoyulacağı gün - iyunun 28-də Aktauda Azərbaycan və Qazaxıstan iş adamlarının iştirakı ilə biznes forumun təşkili nəzərdə tutulur. Biznes forumda rəsmilərlə yanaşı, sənaye, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən 100-dən artıq iş adamı iştirak edəcək. Biznes forum iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan-Qazaxıstan əməkdaşlığının daha da dərinləşməsinə öz töhfəsini verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti