...

Sabitlik Azərbaycana gələcəyi planlaşdırmağa imkan verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2014 17:45 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ölkədə müşahidə olunan möhkəm və sabit iqtisadi artımı bir daha əyani şəkildə nümayiş etdirdi.
Sabitlik Azərbaycana gələcəyi planlaşdırmağa imkan verir

Trend-in Rus xəbərlər xidmətinin rəhbəri Seymur Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ölkədə müşahidə olunan möhkəm və sabit iqtisadi artımı bir daha əyani şəkildə nümayiş etdirdi. Bununla yanaşı, dövlət başçısı iclas zamanı qarşıdakı illərdə vəzifələrin dairəsini cızdı.

Məhz uzunmüddətli planlaşdırma dövlətin sabit inkişafının əsas göstəricisidir və növbəti illər üçün proqnozlar etməyə imkan verir.

Azərbaycan Prezidenti giriş nitqində deyib: "Dünyanı bürümüş iqtisadi, maliyyə böhranı Azərbaycan əhalisinə, iqtisadiyyatına bir faiz də təsir etməmişdir. Bunu yəqin, gələcəkdə alimlər araşdıracaqlar və təhlil aparacaqlar ki, bu, nə üçün belədir. Bizim, sadəcə olaraq, buna vaxtımız yoxdur, biz işlə məşğuluq və işimiz göz qabağındadır".

Azərbaycanın iqtisadi siyasətinin əsas uğurlarından biri iqtisadiyyatın şaxələndirilməsi və enerji sektorundan asılılığın azaldılmasıdır. Respublika hələ "Azəri-Çıraq-Günəşli" iri neft yataqları blokunda hasilat ən yüksək həddə çatana qədər bu prosesin qayğısına qalıb. Və Azərbaycan qazının "Şahdəniz" yatağından iri beynəlxalq bazarlara çatdırılması üzrə layihələrin reallaşdırılmasına başlamazdan daha əvvəl. Bu, yalnız sabitlik və dayanıqlılıq şəraitində mümkün ola bilən uzunmüddətli planlaşdırmanı, mövcud şəraiti qabaqlamağı göstərir.

Dövlət başçısı qeyd edib: "Belə bir fikir irəli sürülürdü ki, Azərbaycanın nefti var və buna görə ölkə iqtisadiyyatı inkişaf edir. Əlbəttə, son illərdə bu amil öz rolunu oynamışdır. Ancaq bizim uğurlu siyasətimizin nəticəsində bu gün neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdür və ümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır".

Təqdim olunan rəqəmlərə görə, ilin birinci yarısında ölkə iqtisadiyyatında artım 2,1 faiz, qeyri-neft sektorunda artım 7 faiz, inflyasiya isə 1,6 faiz təşkil edib. Əhalinin pul gəlirləri 4,7 faiz artaraq inflyasiyanı 3 dəfə üstələyib.

Azərbaycan Prezidentinin dediyi kimi, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində dövlətin həyata keçirdiyi iqtisadi islahatlar böyük əhəmiyyət kəsb edir: "Məhz bu islahatlar sayəsində Davos Dünya İqtisadi Forumu - dünyanın bir nömrəli iqtisadi forumu Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyini yüksək qiymətləndirərək bizi 39-cu yerdə yerləşdiribdir".

Lakin dövlət başçısının qeyd etdiyi kimi, bir çox uğurlara nail olan respublika stabil maliyyə vəziyyəti və artımını, gözəl investisiya mühitini, sənayenin, kənd təsərrüfatının, yüksək texnologiyaların inkişafını təmin edərək öz qarşısına yeni tapşırıqlar qoyur.

İlham Əliyev bildirib ki, məşğulluq məsələsində düşünülmüş uzunmüddətli konsepsiyanı hazırlamağın vaxtı çatıb: "Ona görə də hesab edirəm, vaxt gəlib çatıb ki, bu məsələ ilə bağlı düşünülmüş bir konsepsiya hazırlansın. Bu günə qədər bu, bir qədər kortəbii proses kimi gedirdi. Ancaq bizim əhalimiz bundan sonra da artacaqdır. Əhali nə qədər artsa, sonrakı illərdə o faiz də bir o qədər böyük rəqəmlərlə ölçüləcəkdir. Bir var ki, 8 milyon əhali bir, ya iki faiz artır, biri də var ki, on milyon əhali. Yəni, rəqəmlər də mütləq böyüyəcəkdir. Ona görə də biz uzunmüddətli məşğulluq konsepsiyasının müzakirəsini başlamalıyıq. Müəyyən işlər görülmüşdür, biz bunu gərək daha da konkretləşdirək ki, hansı sahələrdə nə qədər iş yerləri açılmalıdır. Buna görə biz nə etməliyik, hansı institusional islahatlar aparılmalıdır, buna nə qədər investisiyalar cəlb edilməlidir? Hesab edirəm ki, bundan sonra dövlət investisiya xərclərinin müəyyən edilməsində bu amil əsas olmalıdır. Çünki biz əvvəlki illərdə, hətta indi də vəsaiti ən böyük inkişafa ehtiyacı olan sahələrə yönəldirik".

Bununla yanaşı qeyd olunub ki, bu il üçüncü regional inkişaf proqramı qəbul edilib. Bu proqramın icrası nəticəsində artıq ilin altı ayında 65 min yeni iş yeri açılıb ki, onlardan 52 mini daimi iş yeridir. 2003-cü ildən bu günə qədər - bu proqramlar icra edilməyə başlayandan sonra 1 milyon 300 min iş yeri açılıb ki, onlardan təqribən 1 milyonu daimi iş yeridir.

Enerji layihələrinin reallaşdırılması çərçivəsində, nəqliyyat və digər infrastrukturun yaradılması, su təminatı, qazlaşdırma, kənd təsərrüfatına investisiyalar və digər sahələrdə görülən işlərlə yanaşı, dövlət başçısı ölkədəki bankların iqtisadiyyatın real sektorunu kreditləşdirməsinin zəruriliyini xüsusilə qeyd edib.

Bu gün Azərbaycan dövləti banklara yardım edir, imtiyazlar və güzəştlər tətbiq edir və bankların iqtisadiyyatın real sektorunu kreditləşdirməsi məsələsi dünyanın digər ölkələrində edildiyi kimi həll edilməlidir.

Habelə korrupsiya və rüşvətxorluqla mübarizə də davam etdiriləcək. Dövlət başçısının qeyd etdiyi kimi, bu məsələ daim diqqət mərkəzindədir.

Bu gün heç kim bir faktı şübhə altına ala bilməz ki, Azərbaycan regionun siyasi və iqtisadi lideridir. Böyük maliyyə ehtiyatlarına malik Azərbaycan qarşıya qoyulan təkcə respublika deyil, həm də regional əhəmiyyətli istənilən tapşırığı həll etməyə qadirdir. Bunun üçün ölkənin regionda və onun hüdudlarından kənarda həyata keçirdiyi layihələrə nəzər salmaq kifayətdir.

İlham Əliyev deyib: "Son aylarda bölgədə, Avropada bu sahədə müşahidə olunan hadisələr və müəyyən gərginlik bir daha göstərir ki, enerji təhlükəsizliyi olmadan heç bir ölkə özünü rahat hiss edə bilməz, tam müstəqil siyasət apara bilməz".

Regionun lideri olaraq Azərbaycan ölkənin ərazisinin 20 faizini işğal edən Ermənistan istisna olmaqla, regionun bütün ölkələri ilə enerji sahəsində əməkdaşlıq həyata keçirir. Azərbaycanın sayəsində Gürcüstanın enerji təhlükəsizliyi böyük dərəcədə təmin olunur, Türkiyəyə böyük həcmdə enerji daşıyıcılarının nəqli həyata keçirilir, gələcəkdə isə bu ölkə vasitəsilə ixrac daha uzağa - Avropaya ediləcək. Bu gün Azərbaycandan Rusiya və İrana karbohidrogenlər ixrac olunur, Qazaxıstan və Türkmənistan respublika vasitəsilə öz enerji ehtiyatlarını nəql edirlər.

Azərbaycan Prezidenti bildirib: "Biz isə öz enerji təhlükəsizliyimizi çoxdan təmin etmişik və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq. Bu rol müsbət roldur. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməmişdir. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir".

Dövlət başçısının sözlərinin həqiqiliyini Azərbaycanın əməkdaşlıq etdiyi bütün ölkələr təsdiqləyə bilərlər. Onların hamısı təsdiq edə bilərlər ki, Azərbaycan ilə bütün sahələrdə, ilk növbədə, enerji sahəsində əməkdaşlıq inkişafa və çiçəklənməyə kömək edən qarşılıqlı maraqlar üzərində qurulub. Bununla yanaşı, Bakının əməkdaşlıq etdiyi regionun bütün ölkələrinə Azərbaycanın əhəmiyyətli sərmayələri yatırılır ki, bu da onların iqtisadiyyatını inkişaf etdirməyə, yeni iş yerləri açmağa, əhalinin rifahını yüksəltməyə imkan verir.

Öz çıxışında İlham Əliyev tamamilə dəqiq qeyd edib ki, iqtisadi və maliyyə vəziyyəti Azərbaycanın müstəqilliyini şərtləndirən əsas amillərdən biridir.

Bu, dünyanın istənilən ölkəsi, eləcə də Cənubi Qafqaz ölkələri üçün tamamilə doğru müddəadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti