...

Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinə yeni sədr təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2014 12:35 (UTC +04:00)
Bank VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurasının qərarı ilə Yuri Yakovlev İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinə yeni sədr təyin olunub

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Bank VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurasının qərarı ilə Yuri Yakovlev İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Bankdan Trend-ə daxil olan məlumata görə, yeni sədr öz vəzifələrinin icrasına 2014-cü ilin iyul ayından Azərbaycan Mərkəzi Bankında attestasiyadan keçdikdən sonra başlayıb.

Y.Yakovlev VTB Qrupunda 2006-cı ildən işləyir, 2011-ci ildən Nyu Dehli şəhərində VTB Bankın filialına başçılıq edib.

VTB-nin prezidenti - İdarə Heyəti sədrinin birinci müavini Vasili Titov deyib: "Yuri Dmitriyeviç maliyyə sektorunda zəngin təcrübəyə malikdir. O, qarşıya qoyulmuş məsələlərin həllindən uğurla gəlib, Bank VTB-nin Hindistandakı filialının işinin səmərəliliyini təmin edib. Biz əminik ki, onun rəhbərliyi altında Bank VTB (Azərbaycan) biznesin fəal inkişafını davam etdirəcək, əsas maliyyə göstəriciləri üzrə müsbət dinamikaya nail olacaq".

Yakovlev Yuri Dmitriyeviç 1957-ci ildə anadan olub. Ali təhsillidir (Rusiya Federasiyası XİN-in Diplomatiya Akademiyasının məzunudur) və iqtisadiyyat üzrə elmləri namizədi elmi dərəcəsinə sahibdir. Beynəlxalq ticarət-iqtisadi münasibətlər sahəsində nüfuzlu mütəxəssisdir. Y.Yakovlev əmək fəaliyyətinə 1978-ci ildə başlayıb. 1980-ci ildən 2003-cü ilədək SSRİ Mədəniyyət Nazirliyində, RF-nin Xarici-iqtisadi Əlaqələr Nazirliyində, həmçinin RF-nin Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən rəhbər vəzifələrdə çalışıb. Cənubi Asiya ölkələrində bir sıra irihəcmli beynəlxalq investisiya layihələrinin hazırlanması və gerçəkləşməsində iştirak edib. Eyni zamanda, Y.Yakovlev kredit təşkilatlarında böyük iş təcrübəsinə malikdir. Belə ki, o, 2003-cü ildən və 2006-cı ildə VTB-yə keçənədək İnvestisiya Kommersiya Bankı "Russkiy İnvestisionniy Alyans" MMC-də Xarici ticarət əməliyyatları və müxbir münasibətlər idarəsinin rəisi və sonradan İdarə Heyəti sədrinin müşaviri vəzifələrində çalışıb.

Bank VTB (Azərbaycan) ASC "Bank VTB" ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları "Bank VTB" ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün bank 6 filial və baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti