...

Almaniyada ixtisasartırma kursu keçəcək sahibkarlar və menecerlər üçün hazırlıq seminarı

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2015 14:58 (UTC +04:00)
Almaniyada ixtisasartırma kursu keçəcək sahibkarlar və menecerlər üçün hazırlıq seminarı keçirilib.
Almaniyada ixtisasartırma kursu keçəcək sahibkarlar və menecerlər üçün hazırlıq seminarı

Azərbaycan, Bakı, 2 fevral /Trend/

Almaniyada ixtisasartırma kursu keçəcək sahibkarlar və menecerlər üçün hazırlıq seminarı keçirilib.

Məlum olduğu kimi, İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (GİZ) ilə birlikdə "Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqram"ını həyata keçirir. Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində "İqtisadi kooperasiya" üzrə 1 aylıq ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr yaradırlar.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ötən ilin 28-30 oktyabr tarixlərində sahibkar və menecerlərin ixtisasartırma kurslarına göndərilməsi məqsədi ilə namizədlərin seçilməsi üzrə müsabiqələr keçirilmişdir. Müsabiqədə iştirak edən 52 sahibkar və menecerdən 33-ü müvəffəqiyyət qazanmışdır. Müsabiqədən uğurla keçənlər 2015-ci ilin mart və oktyabr-noyabr aylarında iqtisadi kooperasiya, kənd təsərrüfatı, səhiyyə üzrə müvafiq qrupların tərkibində Almaniyanın müxtəlif təlim və tədris müəssisələrində ixtisasartırma kursları keçəcəklər.

Almaniyanın Hannover şəhərində yerləşən "AHP İnternational" Tədris Mərkəzində və müvafiq müəssisələrdə 1-28 mart tarixlərində "İqtisadi kooperasiya" üzrə tədris və təcrübə keçəcək 20 sahibkar və menecerlər üçün 31 yanvar-1 fevral tarixlərində Bakı Biznes Tədris Mərkəzində hazırlıq seminarı keçirilmişdir.

2 gün davam edən tədbirdə sahibkar və menecerlərə beynəlxalq iqtisadi kooperasiya, Almaniya müəssisələri ilə işgüzar danışıqların aparılması və əməkdaşlığın qurulması və s. barədə ətraflı məlumat verilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti