...

"KamAZ"-ın baş direktoru: Gəncə Avtomobil zavodunda gördüklərim məni təəccübləndirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2015 13:30 (UTC +04:00)
"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin mətbuat xidmətinin Trend-ə verdiyi məlumata görə, müəssisədə olan S.Koqogin görülən işləri müsbət qiymətləndirib
"KamAZ"-ın baş direktoru: Gəncə Avtomobil zavodunda gördüklərim məni təəccübləndirdi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir İlkin İzzət/

"Mən sonuncu dəfə Gəncə haqqında 10 il bundan əvvəl eşitmişəm. Elə hesab edirdim ki, zavod hələ tam qurulmayıb və sözün düzü burada "KamAZ"-ın istehsal xəttinin işə salınacağına bir az şübhə ilə yanaşırdım. Lakin Gəncə Avtomobil zavodunda gördüklərim məni sözün yaxşı mənasında təəccübləndirdi. Burada çox böyük işlər görülüb. Müəssisə texnoloji parametrlər baxımından avtomobil istehsalına hazırdır. Zavodun 500-ə yaxın əməkdaşının olması, onların yığım təcrübəsi Gəncədə "KamAZ"-ın yığılmasına imkan verir". Bu sözləri Gəncədə səfərdə olan "KamAZ" Açıq Səhmdar Cəmiyyətinin (ASC) baş direktoru Sergey Koqogin deyib.

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin mətbuat xidmətinin Trend-ə verdiyi məlumata görə, müəssisədə olan S.Koqogin görülən işləri müsbət qiymətləndirib və qeyd edib ki, zavod artıq yetərincə yük avtomobillərinin yığım təcrübəsinə malikdir: "Gəncə Avtomobil zavodu ilə artıq lisenziya müqaviləsini imzalamışıq. Mənim Azərbaycana gəlişimin məqsədi hər şeyi yerində görmək və müzakirə etmək idi. Biz arxayın olmaq istəyirdik ki, tərəfdaşlarımızin "KamAZ" istehsal etmək istəyi ilə bərabər, həm də imkanları və şəraitləri var. Bizim üçün "KamAZ" brendi çox önəmlidir. Gəncədə yığılacaq KamAZ avtomobillərinin keyfiyyəti əsas konveyerdəkilərdən fərqlənməməlidir. Buna görə də biz istənilən formada yerli əməkdaşlara lazımi köməklik edəcəyik. Lazım gələrsə, bizim mütəxəssislərimiz bir müddət Gəncəyə ezam olunacaqlar və onlar da yerlərdə həmkarlarının ixtisaslarının artırılmasında yardımçı olacaqlar".

S.Koqogin həmçinin vurğulayıb ki, gələcəkdə Gəncədə yığılan texnikaların ölkə hüdudlarından kənarda satılması da həyata keçirilə bilər. Azərbaycanın Asiya ilə yaxınlığı bu layihənin reallaşdırılmasında böyük pay sahibidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti