...

Kamran Rzayev: "Turizm sektorunda keyfiyyətli kadr yetişdirmək üçün praktiki təlimlər vacibdir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2015 11:16 (UTC +04:00)
Müsahibimiz "AtaTurizm" MMC "Excelsior Hotel Baku" otelinin Kadrlar şöbəsinin müdiri Kamran Rzayevdir.
Kamran Rzayev: "Turizm sektorunda keyfiyyətli kadr yetişdirmək üçün praktiki təlimlər vacibdir"

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Müsahibimiz "AtaTurizm" MMC "Excelsior Hotel Baku" otelinin Kadrlar şöbəsinin müdiri Kamran Rzayevdir.

- Öncə özünüz və müdiri olduğunuz şöbənin fəaliyyəti barəsində məlumat verərdiniz.

- "Excelsior Hotel Baku" otelinin kadrlar şöbəsinin fəaliyyəti otelin kadrlarla bağlı bütün işlərini idarə etməklə əlaqəlidir. Kadrların seçimi, inkişafı, motivasiyası ilə bağlı proqramları, bu sahədə qanunvericiliyə uyğun bir şəkildə sənədlərin rəsmiləşdirilməsi, kadrların daxili nizam qaydalarının tərtib olunması, onların xidmət və fəaliyyətinə nəzarətin həyata keçirilməsi, işçi personalı üçün il boyu tədris proqramının tərtib olunması və bu proqram əsasında işçilər üçün kadrlar şöbəsi tərəfindən tədrisi məşğələnin keçirilməsi işləri ilə məşğul oluruq.

- Kadr potensialını artırmaq və onların bacarıqlarını təkmilləşdirmək üçün hansı tədbirlər həyata keçirirsiniz?

- Hazırda turizm sektoru çox sürətlə inkişaf etdiyi üçün çoxlu yeni brend hotellər tikilib istifadəyə verilir, buna görə də bir az kadr qıtlığı duyulur. Bu qıtlığın aradan qaldırılması üçün birinci növbədə, əlimizdə olan kadrların təkmilləşdirilməsi, onların motivasiyası proqramına çox fikir vermək lazımdır. Biz bu məsələyə böyük diqqət yetiririk. Çalışırıq ki, kadrlarımıza yüksək stimullar verməklə, onların otelimizə bağlı qalmasına nail olaq. Bu baxımdan, otelimiz də kadrlar tərəfindən sevilir. Bu o deməkdir ki, bu sahədə çalışmalarımız uğur qazanıb. İkincisi, hazırkı kadrlarımızla bərabər, yeni kadrların cəlb olunması və onların püxtələşməsi üçün müəssisə daxilində təlim proqramları tərtib edirik. Ən önəmli layihələrimizdən biri bu il başladığımız layihədir. Bütün turizm sektoruna aid təhsil ocaqlarından tələbələrin praktiki məşğələləri üçün öz qapılarımızı açdıq. Bu layihədə nə bizim tərəfimizdən, nə də təhsil ocaqları tərəfindən heç bir maddi təmənna nəzərdə tutulmayıb. Bu proqram tamamilə pulsuzdur. Proqram nədən ibarətdir: Təhsil ocaqlarında planlaşdırılmış müəyyən təhsil proqramının - turizm sektorunda praktiki məşğələnin bizdə keçirilməsindən söhbət gedir. Bizdə bu proqram 6 aylıqdır. Yəni həmin ali təhsil ocaqlarından bizə praktiki məşğələyə qatılmaq üçün gəlirlər və fiziki olaraq proqram müddətində nəzərdə tutulmuş hər gün burda çalışırlar. Təlim ancaq nəzəri olanda faydasız olur. Odur ki, biz sırf praktiki məşğələlərə üstünlük veririk. Ona görə də öz təhsil proqramlarını bitirdikdən sonra əlavə olaraq ixtisaslarını artırmaq və praktiki təkmilləşmək istəyən tələbələr tam 6 ay bizdə təcrübə keçməyə üstünlük verirlər. Bizim otel tərəfindən bu kursu uğurla bitirənlərə sertifikat verilir. Hər bir praktikanta kurs keçdiyi departamentin, sahənin profilinə uyğun sertifikat verilir.

- Bəs, sizin bu təlimləri keçirməkdə hansı maraqlarınız var?

- Bizim də bunlarda marağımız var. Marağımız odur ki, bu təlimlərlə biz özümüz üçün də kadr yetişdiririk. Həmin kadrlara, vakansiyamız olduğu halda, iş təklif edirik, vakansiya olmayanda isə onlar bizim ehtiyat kadrlar siyahısına daxil edilirlər. Ehtiyat kadrlar serfifikatla bərabər, işləmək üçün növbə gözləyən kadrlarımıza çevrilirlər. İkinci qazancımız odur ki, həmin kursu bitirənlər 6 aydan sonra digər bir oteldə iş təklifi alsa, orada bizim sertifikatımız əsasında işə götürülür və bu da bizim PR üçün yaxşı haldır. Biz bu praktikanı 6 ay ərzində çox yüksək səviyyədə təşkil edirik ki, onu bitirənlər harda işləmələrindən asılı olmayaraq, peşəkar olsunlar və yüksək qiymətləndirilsinlər.

- Həyata keçirdiyiniz bu layihənin təlim iştirakçıları və təhsil ocaqları üçün faydalı cəhətlərini necə izah edərdniz?

- Bu yaxınlarda bu layihə ilə bağlı Turizm Universiteti ilə müqavilə imzalamağa başlamışıq. Həmçinin bu barədə İqtisad Universitetinin Turizm fakültəsinin nümayəndələri ilə görüşmüşük. Onlar da artıq builki məzunlarını bizə göndərəcəklər. Qərb Universitetinin müvafiq bölmələri də bizimlə əməkdaşlıq etmək istəyirlər. Bu baxımdan sıx tərəfdaşlarımızdan biri Turizm Universitetidir. Çünki praktikadan əlavə, onlar öz praktiki dərslərini də bizim hoteldə keçirmək istəyirlər. Bu da elə həmin layihəmizə daxildir. Təhsil ocaqlarının da bu layihədən qazancı tələbələrinə praktiki vərdişlər və ixtisaslarına uyğun biliklər qazandırmaqdır. Ona görə də turizmlə bağlı təhsil ocaqları çox məmnuniyyətlə bu layihəni qarşıladılar. Məzunların praktiki bilik qıtlığı ilə bağlı problemlərinin aradan qalxması onlar üçün də müsbət məsələdir.

- Bu sahədəki fəaliyyətinizi digər otellərin bu sahədəki fəaliyyəti ilə necə müqayisə edərdiniz?

- Deyim ki, digər otellər də bu sahədə layihələr həyata keçirirlər. Bu baxımdan hər hansı bir müqayisə ortaya qoymaq bir qədər düzgün alınmazdı. Deyim ki, elə göstəricilər var ki,onu ancaq biz yerinə yetiririk, yaxud da elə göstəricilər var ki, yalnız onlarda var. Hər otelin özünəməxsus standartları var.

- Hər halda, bu sahədə həyata keçirdiyiniz layihəni uğurlu hesab edirsiniz?

- Əlbəttə. Doğrusu, gözləmirdim ki, həyata keçirdiyimiz bu layihə belə tez bir zamanda dəstəklənəcək və çox isti qarşılanacaq. Bu baxımdan biz bu layihəmizin sosial faydalılığını və turizm sahəsində ixtisaslaşmaya verdiyi töhfəni yaxşı qiymətləndiririk. Bu, layihənin az bir zamanda bu cür rezonans doğurması bizim üçün çox sevindirici oldu. Bir həftə ərzində daim zənglərin gəlməsi və görüşlərin keçirilməsi də göstərir ki,bu cür məşğələlərə maraq olduqca böyükdür. Ona görə də Novruz bayramından sonra biz artıq bu layihənin həyata keçirilməsinə başlayacağıq.

- Otelinizdə hansı motivasiya proqramları həyata keçirilir?

- Biz ümumiyyətlə, çalışırıq ki,işçilərimizə çox istiqanlı münasibət bəsləyək. Yəni iş öz yerində,amma münasibətlərin də çox yüksək səviyyədə saxlanmasını təmin edirik. Çünki hotel sektoru 24 saatlıq xidmət sektorudur. Burada 24 saat və həftədə 7 gün işçilər işləyir və bu müəssisə bayramlarda da bağlanmır, daim çalışır. Ona görə də işçilərin də hoteli daha çox sevməsi, ona bağlanması lazımdır ki, davamiyyət həmişə yüksək olsun. Bizim satdığımız əsas məhsul xidmətdir. Xidmətin yüksək səviyyədə saxlanması üçün işçi personalın daim gülərüz, səmimi olması əsas şərtlərdəndir. Əməkdaşlarımız gülərüz olmaları üçün özlərini daim komfortlu, xoşbəxt hiss etməlidirlər. Ona görə də işçilərimiz üçün əlimizdən gələni etməyə çalışırıq. Çünki bilirik ki, hotelin işlərinin irəli getməsi sırf onun xidmətçilərinin əhval-ruhiyyələrinin və davranışlarının yüksək səviyyədə olması ilə bağlıdır. Hazırda Azərbaycanda çox ciddi hotel rəqabətçiliyi var,bu baxımdan da xidmət personalının bu cür yüksək hazırlıq və əhval-ruhiyyə səviyyəsi olduqca vacibdir. Bu baxımdan bizim işçilərlə bağlı proqramımızda bir sıra vacib məsələlərə diqqət yetirilir. Məsələn, tibbi sığorta paketlərimiz var. İşçilərin təsnifatına və iş təcrübəsinə görə bu paketlər dəyişir. Bundan başqa, işçi heyətimiz üçün kafeteryamız da daim fəaliyyət göstərir. Orada gigiyenik, sanitarik və keyfiyyət baxımından çox yüksək səviyyədə qida məhsulları verilir. Yaxud hər ayın sonunda ayın işçisi seçilir. İlin sonunda həmin işçilər mükafatlar alırlar. Bizdə daha yaxşı çalışan işçilərin lövhələri də var. İlin sonunda ilin menecerini də bizdə çox demokratik və obyektiv yolla seçirlər. İlin sonunda işçilər üçün yeni il tədbirləri, eləcə də digər bayram tədbirlərini təşkil edirik. Bu cür tədbirləri çox orijinal bir şəkildə, ssenarini özümüz yazmaqla həyata keçiririk. Eləcədə digər stimullaşdırıcı tədbirlər həyata keçiririk ki, işçi personalımız daim özünə qayğı göstərildiyini hiss etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti