Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Maksim Tsurkov/
Azərbaycanda süd məhsullarının istehsalı ilə məşğul olan "Atropatena" şirkəti "Danone" məhsullarının ölkədə istehsalının bərpa edilməsinə dair danışıqlara başlayıb. Bunu Trend-ə "Atropatena" şirkətinin İdarə heyətinin sədri Elşad Rəsulov deyib.
Onun sözlərinə görə, Fransa şirkətinin məhsullarının Azərbaycanda istehsalının dayandırılmasına səbəb Rusiya rublunun devalvasiyası olub: "2013-cü ilin sonunda Fransa və Azərbaycan şirkətlərinin bağladığı müqaviləyə əsasən "Danone" 2014-cü ildən Ağcabədi rayonundakı süd zavodunda öz məhsullarının istehsalına başlayıb. Lakin rublun ciddi devalvasiyasından sonra şirkət Azərbaycanda istehsalı dayandırdı, çünki ona məhsulu Rusiyada istehsal edərək Azərbaycana tədarük etmək daha sərfəli oldu. Bu isə bizə sərf etmədi".
E.Rəsulov qeyd edib ki, manatın bu yaxınlarda ucuzlaşması vəziyyətə yaxşı təsir edib: "Manatın məzənnəsinə edilən dəyişiklikdən sonra son iki həftə ərzində "Danone"nin ölkəmizdə istehsalının bərpa edilməsinə dair danışıqlara başladıq. Şirkətin məhsulları qonşu ölkələrə, o cümlədən Gürcüstan və Türkmənistana ixrac ediləcək. Bu təsdiq edir ki, manatın möhkəmlənməsi yerli istehsal və ixrac potensialı baxımından faydalı deyil".