Azərbaycan, Bakı, 29 avqust /Trend /
"Fitch Ratings" beynəlxalq kredit reyting agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini "BBB-" investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu "sabit" saxlayıb.
Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, agentliyin hazırladığı hesabatda qeyd olunur ki, Azərbaycanın investisiya səviyyəli reytinqi ölkənin aşağı suveren borcu, 2006-cı ildən yüksək xammal qiymətləri və cari hesabın müsbət saldosu nəticəsində yığılmış iri həcmdə xarici valyuta aktivlərini əks etdirir.
Reytinq üzrə proqnozu sabit saxlayan agentliyin qənaəti ondan ibarətdir ki, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alacaqdır.
Qlobal iqtisadi mühitdə cərəyan edən qeyri-sabitlik və xammal məhsullarının, o cümlədən neft və neft məhsullarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda "Fitch Ratings" tərəfindən Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqinin "BBB-" investisiya səviyyəsində bir daha təsdiq olunması ölkə iqtisadiyyatının dayanıqlıq potensialını nümayiş etdirir.