...

Türkiyədə Azərbaycan investisiyalarının 20 milyard dollara çatdırılması nəzərdə tutulur

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2015 12:55 (UTC +04:00)
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Türkiyənin gömrük və ticarət naziri Cenap Aşçı ilə görüşüb.
Türkiyədə Azərbaycan investisiyalarının 20 milyard dollara çatdırılması nəzərdə tutulur

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Türkiyənin gömrük və ticarət naziri Cenap Aşçı ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev dövlət başçılarının siyasi iradəsi nəticəsində Azərbaycan və Türkiyə arasında siyasi və iqtisadi əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini, əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında enerji sahəsində uğurlu əməkdaşlıq həyata keçirilir və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi strateji layihələr uğurlu əməkdaşlığı şərtləndirən başlıca amillərdəndir. Hazırda Azərbaycanda 2600-dən çox Türkiyə şirkəti, Türkiyədə isə 1600-ə yaxın Azərbaycan şirkəti uğurla fəaliyyət göstərir. Ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir. 2020-ci ilədək Türkiyəyə yatırılacaq investisiyaların 17-20 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulur. Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır.

Ş.Mustafayev əməkdaşlığin inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən iqtisadiyyat və sənaye naziri qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet sahəsi olduğunu vurğulayıb, bu sahənin ÜDM-də payının artdığını qeyd edib.

Türkiyənin gömrük və ticarət naziri C.Aşçı Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, uğurla davam edən Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişləndirilməsi üçün böyük iqtisadi potensialın olduğunu vurğulayıb. Türkiyənin Bakı-Tbilisi-Qars dəmiryol xətti layihəsinə mühüm əhəmiyyət verdiyini qeyd edən C.Aşçı bu layihənin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirib, müxtəlif sahələrdə, o cümlədən gömrük sahəsində əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti