Azərbaycan, Bakı, 7 oktyabr /Trend/
Oktyabrın 6-da İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində gənclər üçün treninq keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Marketinq araşdırmalarının aparılması", "Menecment", "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularını əhatə edən treninqdə marketinqin növləri və prinsipləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi, menecmentin mahiyyəti, insan resurslarının idarə edilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Bundan başqa, treninqdə iştirakçılar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilib.
Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.