...

Fazil Məmmədov: Azərbaycanda aksiz markası ilə markalanmalı olan malların nağdsız satışı zamanın tələbidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2015 15:45 (UTC +04:00)
Ölkədə 6 milyona yaxın şəxsin plastik kartı var ki, bu da bizə alkoqollu içkilərin nağdsız qaydada satışını həyata keçirməyə tam imkan verir.
Fazil Məmmədov: Azərbaycanda aksiz markası ilə markalanmalı olan malların nağdsız satışı zamanın tələbidir

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan ərazisində aksiz markası ilə markalanmalı olan malların dövriyyəsinin tənzimlənməsi hər bir ölkədə dövlətin xüsusi nəzarətində olur və həmin malların alqı-satqısı zamanı hesablaşmaların nağdsız qaydada aparılması zamanın tələbidir. Trend-in məlumatına görə, bunu AZƏRTAC-a müsahibəsində vergilər naziri Fazil Məmmədov deyib.

Onun sözlərinə görə, bununla əlaqədar, belə malların dövriyyəsinin tənzimlənməsi qaydalarının müəyyən edilməsi və həmin qaydaların tələblərini pozan şəxslərin İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşımaları barədə müddəalar Vergi Məcəlləsinə daxil edilib: "İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, dəyəri 50 manata kimi olan aksizli malların nağd qaydada satılması inzibati xəta kimi müəyyən edilib. Cinayət Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, dəyəri 50 manatdan 1000 manatadək olan aksizli malların nağd qaydada satışı, habelə külli miqdarda (1000 manatdan yuxarı) satışı, belə malların satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alınması cinayət məsuliyyəti yaradır. Qeyd edək ki, tütün məmulatlarının topdan satışı da bu qanunun əhatə dairəsinə düşür".

F.Məmmədov bildirib ki, dəyişikliklərə əsasən, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan malları saxta aksiz markaları ilə markalama, (fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədi ilə əldə etmə istisna olmaqla) saxta aksiz markaları ilə markalanmış malları əldə etmə, saxlama və ya satma cinayət əməli kimi müəyyən edilib.

Nazir vurğulayıb ki, ölkədə aksizli malların plastik kartlarla satışı üçün ölkə ərazisində yerləşən ticarət obyektlərində lazımi potensial mövcuddur: "Vergiödəyicilərə məxsus təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması, onlardan istifadə olunmasının nəzarətdə saxlanılması, əhali ilə hesablaşmalar sahəsində qanunvericiliyə əməl olunması işləri daim diqqətdə saxlanılır. Ölkə ərazisində hazırda 84 min POS-terminal quraşdırılıb ki, bunun da 62 faizi Bakı şəhərinin payına düşür. Son illər ərzində Azərbaycanda elektron ödəniş sistemlərinin yaradılması istiqamətində aparılan islahatlar nəticəsində beynəlxalq standartlara cavab verən ödəniş sistemi infrastrukturu yaradılıb. Hazırda əhalinin bütün təbəqələri plastik kartlardan istifadə edir. Ölkədə 6 milyona yaxın şəxsin plastik kartı var ki, bu da bizə alkoqollu içkilərin nağdsız qaydada satışını həyata keçirməyə tam imkan verir. Aksizli malların nağdsız qaydada satışı bütövlükdə bu sahədə uçotun şəffaflaşdırılmasına və nağdsız ödənişlərin stimullaşdırılmasına da müsbət təsir göstərməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti